"Kazinoların fəaliyyətinə icazə verilməsinə qarşıyam" - AÇIQLAMA 

 15:48 04.08.2025     63

“Sea Breeze”in təsisçisi Emin Ağalarov “Sea Breeze”də fəaliyyət göstərəcək kazino ilə bağlı açıqlama verib. O bildirib ki, kazinoya 21 yaşdan aşağı şəxslər buraxılmayacaq. Gürcüstan kazinolarında oynayanların 17 faizi azərbaycanlılardır və bu sahəni ölkəyə qaytarmaq turizm baxımından vacibdir. E.Ağalarov Azərbaycanda mövcud olmayan beynəlxalq hotel şəbəkələri ilə əməkdaşlıq edərək ölkəyə turist axınını artırmağı hədəflədiklərini qeyd edib.

Azərbaycanda kazino sektorunun  fəaliyyətə başlaması iqtisadi baxımdan hansı risklərə və faydalara gətirib çıxarar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, kazinoların fəaliyyətinə icazə verilməsi məsələsi gündəmə gəldiyi ilk gündən buna qarşıdır.

"Müxtəlif ölkələrdə kazino fəaliyyəti mövcuddur və bu yerlər həm yerli vətəndaşların, həm də xarici turistlərin maraq dairəsindədir. İqtisadi baxımdan gəlir gətirdiyi üçün səmərəli hesab olunur. Həmçinin bu sahənin rəsmi fəaliyyəti, müəyyən qədər də olsa, işsizliyin qarşısını ala bilər. Lakin məsələnin əsas və maraq doğuran tərəfləri var. Yuxarıda qeyd etdiyim kimi, bu sahənin açılmasının tamamilə əleyhinəyəm. İlk növbədə, tez-tez qeyd olunur ki, kazinoların açılması turizmin inkişafına səbəb olacaq, ölkəyə turist axını artacaq. Amma sual yaranır: turist öz ölkəsində kazinoya gedə bilmir ki, məhz bu məqsədlə Azərbaycana gəlsin?

İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycan nə üçün kazino ilə tanınmalıdır? Məgər bir ölkənin inkişaf səviyyəsi və ya imici lüks həyat və elit kazinolarla ölçülür? Azərbaycan turizm potensialı, mədəniyyəti, tarixi ilə tanıdılmalı deyilmi?

İqtisadi baxımdan analiz etsək, doğrudanmı Azərbaycanın iqtisadiyyatının kazinodan gələn vergi gəlirlərinə ehtiyacı var? Əgər dövlət büdcəsinin bu cür gəlirlərə ehtiyacı olsaydı, bəlkə də bu günə qədər bəzi digər fəaliyyət sahələri də leqallaşdırılmış olardı", - deyə iqtisadçı vurğuladı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən