"Tətbiq edilən tarif Hindistan milli valyutasına təsir göstərəcək" - ŞƏRH

 20:03 07.08.2025     59

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 25 faiz əlavə rüsum tətbiq olunması barədə fərman imzalayıb. Buna səbəb Hindistanın Rusiya neftini birbaşa və ya dolayı yolla almasıdır. Tariflər 21 gün sonra qüvvəyə minəcək və artıq göndərilən mallara şamil olunmayacaq. 

Hindistana tətbiq edilən 25%-lik əlavə rüsum bu ölkənin ixracatına və ümumi ticarət balansına necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, Hindistanın ümumi ixrac payının 20%-ə qədərini ABŞ ilə olan ticarət münasibətləri təşkil edir.

"Donald Tramp tərəfindən verilən qərar Hindistan iqtisadiyyatında ixracın defisiti, həmçinin ABŞ bazarında da Hindistan məhsullarına tələbin azalması, eləcə də Hindistan məhsullarında qiymət artımına səbəb ola bilər.

Ölkənin əsas gəlir mənbəyi ixrac gəlirləri hesabına formalaşır və burada ABŞ-yə ixrac ümumi ixracatın əsas hissəsini təşkil edir. Hindistandan əsasən dərman preparatları, geyim, sənaye məhsulları ixrac olunur. Tətbiq olunan fərman həmin məhsullarda qiymət artımına səbəb olması ilə yanaşı, alıcıların alternativ olaraq digər ölkələrdən məhsul idxal etməsi ilə nəticələnəcək. Banqladeş, Vyetnam, Malayziya kimi ölkələr həmin məhsulların istehsalçısı və ixracatçısıdır və hal-hazırda da rəqabət mühiti mövcuddur".

İqtisadçı əlavə etdi ki, tətbiq edilən tarif dərəcələri həmçinin Hindistan milli valyutasına təsir göstərərək rupinin dəyərsizləşməsinə səbəb olacaq, inflyasiyanın sürətinin artması da gözlənilən iqtisadi faktorlar arasındadır.

"Ticarət müharibəsi ilk növbədə Hindistan istehsalçılarına zərbə vuracaq. Əgər bu proses orta və ya uzunmüddətli olarsa, Hindistan hökuməti diversifikasiya zərurətini həyata keçirməli olacaq. Başqa sözlə desək, alternativ ixrac bazarı yeni ticarət tərəfdaşları axtarmalı olacaq.

ABŞ iqtisadiyyatında isə sadəcə həmin idxal olunan məhsullarda qiymət artımı olacaq. ABŞ-nin bu qərarı əslində digər ölkələrə bir növ xəbərdarlıq xarakteri daşıyır. Bu kimi qərarlar nəticəsində iqtisadi risk digər bitərəf və ya Rusiya ilə ticarət tərəfdaşlığında olan ölkələri də gözləyir",- deyə Günay Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən