"Zəngəzur dəhlizi Şərqdən Qərbə yük daşımalarda mühüm rol oynaya biləcək əsas logistik mərkəzlərdən birinə çevriləcək"

Bütün diqqətlərin yönəldiyi Vaşinqtonda qəbul ediləcəyi gözlənilən qərarlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır.
Ümumiyyətlə, Amerika Zəngəzur dəhlizinin açılmasına iqtisadi cəhətdən niyə maraqlıdır?
Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dünyada yeni logistik xətlərin çoxşaxəli olması son dönəmlərdə iqtisadiyyata ciddi təsir edən amilə çevrilib.
"Zəngəzur dəhlizi isə Şərqdən Qərbə yük daşımalarda mühüm rol oynaya biləcək əsas logistik mərkəzlərdən birinə çevriləcək. Çünki indi daha çox şərqlə qərb arasında dəmir yolu və avtomobil yolu körpüsü Rusiya və Belarusiya oynayır. Rusiya və Belarusla bağlı vəziyyət aydındır. Bu ölkələrə qarşı minlərlə sanksiya qəbul olunub. Yaxın zamanlarda bu sanksiyaların aradan qaldırılması o qədər də böyük ehtimal deyil".
İqtisadçının fikrincə, yeni logistik xətlərin açılması dünya iqtisadiyyatı üçün olduqca önəmlidir:
"Bu xətlərdən də ən optimalı Zəngəzur dəhlizidir. Yəni Azərbaycan üzərindən keçən və Türkiyədən Avropaya ən qısa yol təşkil edən Zəngəzur dəhlizi gələcəkdəd dünya iqtisadiyyatda ciddi rol oynayacaq. Bu da Donald Trampın və Amerikanın maraqlarına uyğundur", - deyə Natiq Cəfərli fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI