Bakıda daşınmaz əmlak bazarında qiymət artımı: səbəblər və çıxış yolları

 18:02 12.08.2025     68

Son illər Bakıda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı həm yerli, həm də xarici investorların diqqətini çəkir. Azad olunan ərazilərin iqtisadi potensialı, xarici sərmayə axını, qəzalı binaların sökülməsi və mövsümi amillər qiymətləri yüksəldən əsas səbəblər sırasındadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Vüqar Oruc bildirdi ki, ölkəmiz 30 ildən artıq işğal altında olan ərazilərimizi azad etdikdən sonra bu, xarici investorların ciddi marağına səbəb oldu:

"İqtisadi və biznes fəaliyyətinin genişlənməsi, investisiya qoyuluşu ilə bağlı ölkəmizə axın başladı. İnvestisiya cəlbedarlığının artması daşınmaz əmlakın gündəmə gəlməsinə gətirdi. Rusiya-Ukrayna müharibəsindən sonra soydaşlarımızın və sahibkarlarımızın investisiyalarını Bakıya yönləndirməsi də bu sahəyə tələbi artırdı. Daşınmaz əmlakın stabil gəlir gətirən, az riskli və bank depozitlərindən belə çox mənfəət verən bir investisiya mənbəyi olması bu marağı gücləndirdi. Nəticədə investisiya məqsədli alqı-satqı artdı və bu da qiymətlərə təsir göstərdi".

Onun sözlərinə görə, Bakı şəhərinin “Baş planı-2040” çərçivəsində qəzalı binaların sökülməsinə başlanılıb:

"197 binanın sökülməsi, kompensasiyanın ödənilməsi və ya vətəndaşların fərqli yaşayış sahəsi ilə təmin edilməsi prosesinə start verildi. Təxminən 6000-dən çox ailə kirayə bazarına müraciət edəcək, 6 ay–1 il müddətində kirayədə qaldıqdan sonra isə onlara yeni mənzillər veriləcək və ya kompensasiya ödəniləcək. Bu da bazarda təbii qiymət artımına səbəb oldu.Kirayə qiymətlərinin artması investisiya qoyuluşunu stimullaşdırdı. Mövsümi olaraq avqust-sentyabr aylarında kirayə bazarında tələbənin axını ilə aktivlik müşahidə olunur ki, bu da qiymətləri artırır.

Bundan başqa, spekulyativ satışlar- maklerlərin mənzili daha yüksək qiymətə sataraq domino effekti yaratması da bazara təsir edən qeyri-təbii amillərdəndir. Artımın qarşısını almaq üçün sosial layihələrin - MİDA və İpoteka və Kredit Zəmanət Fondu proqramlarının genişləndirilməsi, kredit məbləğinin və sayının artırılması, daha çox vətəndaşın bu layihələrdən yararlanması vacibdir. Bakıdakı tədris və iri istehsalat müəssisələrinin şəhər kənarına çıxarılması, dövlət müəssisələrinin bölgələrə köçürülməsi, tələbə kampusları və yataqxanalarının dövlət təşviqi ilə inşası daşınmaz əmlakın bahalaşmasını tənzimləyə bilər",- deyə o, fikirlərini yekunlaşdırdı.

Vumart və Güvən reklamı Vumart Güvən