Azərbaycanda gənclərin məşğulluğu artır: İqtisadçı səbəbləri AÇIQLADI

 17:10 28.08.2025     129

Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb. Bu, 2023-cü illə müqayisədə 8 738 nəfər azdır. Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.

İşə düzələn gənclərin çoxalmasının hansı iqtisadi səbəbləri var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirdi ki, Azərbaycanda 2024-cü ildə gənclərin işlə təminatında müşahidə olunan artım təsadüfi deyil, həm makroiqtisadi, həm də sosial-iqtisadi proseslərin məntiqi nəticəsidir:

"Ölkə iqtisadiyyatında həyata keçirilən şaxələndirmə siyasəti öz bəhrəsini verməyə başlayıb. Əgər əvvəlki illərdə məşğulluq əsasən neft-qaz sektoruna bağlı idisə, son illərdə qeyri-neft sahələrinə qoyulan sərmayələr, xüsusilə kənd təsərrüfatı, logistika, sənaye parkları və xidmət sektorunda yaradılan imkanlar yeni iş yerlərinin açılmasına şərait yaradıb. Bu proses gənclərin əmək bazarında daha çox iştirakına və işlə təmin olunmasına şərait yaradıb. Eyni zamanda dövlətin aktiv məşğulluq siyasəti xüsusi əhəmiyyət kəsb edir. Son illərdə həyata keçirilən təlim proqramları, peşə hazırlığı kursları və gənclərin startap təşəbbüslərinə verilən dəstək onların əmək bazarına daha hazırlıqlı daxil olmasını təmin edib. Burada işsizlikdən sığorta fondu hesabına icra edilən layihələr, eləcə də özünüməşğulluq proqramları gənclərin iqtisadi fəallığını artıran vacib mexanizmlər kimi çıxış edib".

Müsahibimiz əlavə etdi ki, ümumi iqtisadi canlanma və investisiya mühitinin yaxşılaşması da mühüm rol oynayıb:

"2024-cü ildə iri infrastruktur layihələrinin reallaşdırılması, biznes mühitinin sadələşdirilməsi və xarici investorların fəallığının artması əlavə iş yerlərinin yaranmasına gətirib çıxarıb. Bu proses təkcə Bakıda deyil, regionlarda da gənclərin məşğulluğunu stimullaşdırıb və əmək miqrasiyasının müəyyən qədər zəifləməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, gənclər müasir texnologiyalara daha sürətli uyğunlaşdıqları üçün işəgötürənlərin də maraq dairəsindədirlər. Onların çevikliyi, yeni bacarıqlara yiyələnmək qabiliyyəti və rəqəmsal texnologiyalara açıq olmaları əmək bazarında gənclərin üstün mövqe qazanmasına imkan verib. Bu da, öz növbəsində, gənclərin işlə təmin olunmasında artımı şərtləndirən amillərdən biridir. Ümumilikdə, 2024-cü ildə gənclərin işlə təminatının yüksəlməsi bir tərəfdən dövlət siyasətinin düzgün istiqamətləndirilməsi, digər tərəfdən isə iqtisadiyyatın təbii inkişafı ilə bağlıdır. İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artması, gənclərin rəqabət qabiliyyətinin yüksəlməsi və dövlət proqramlarının effektivliyi bir araya gələrək onların işsizliyinin azalmasına gətirib çıxarıb. Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanda gənclərin məşğulluq səviyyəsində müşahidə olunan müsbət dinamika davamlı xarakter daşıya bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən