“Azərbaycanın qazı Avropanın enerji təhlükəsizliyində əsas dayağa çevrilir” - Vüqar Bayramov

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir, onların 8-i isə Aİ üzvüdür. O qeyd edib ki, Azərbaycanın qazı bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol daha da artacaq. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilədək əlavə 8 milyard kubmetr qaz ixrac ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, prezidentin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində də qeyd olunduğu kimi, Azərbaycan bu gün regionun enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir.
"Prezident İlham Əliyevin siyasi iradəsi və həyata keçirilən məqsədyönlü strategiyası nəticəsində Azərbaycanın Avropa İttifaqı da daxil olmaqla geniş coğrafiyada enerji təhlükəsizliyindəki rolu kəskin şəkildə artmışdır. Hazırda Azərbaycan Avropanın mavi qaz idxal etdiyi ölkələr sırasında ilk beşlikdə qərarlaşıb. Ümumilikdə, Azərbaycan 14 ölkəyə qaz nəql edir ki, bunlardan 12-si Avropada yerləşir. Siyahıya Gürcüstan və Ukrayna da daxildir. Digər iki ölkə isə Türkiyə və Suriyadır. Qeyd etmək vacibdir ki, Türkiyə də Avropanın enerji məkanının bir parçası hesab olunur. Bu fakt göstərir ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Bununla yanaşı, artıq Yaxın Şərq regionuna da Azərbaycan qazının nəqli imkanları yaranmaqdadır".
Deputat əlavə etdi ki, İordaniya və Misirə qədər uzanan yeni marşrutların gündəmə gəlməsi Azərbaycanın enerji siyasətinin daha geniş miqyas almasına şərait yaradır.
"Xüsusilə Suriya istiqamətindən Yaxın Şərqin digər ölkələrinə mavi qaz ixracı potensialı mövcuddur. Digər tərəfdən, Yunanıstan və Bolqarıstanın Azərbaycan qazından istifadəsi artıq bu resursun Mərkəzi və Şərqi Avropada daha geniş yayılmasına imkan yaradır. Beləliklə, Azərbaycanın enerji siyasəti təkcə Avropa üçün deyil, həm də Yaxın Şərq ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yaxın mərhələdə də regionun enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edəcək və mövcud potensial ehtiyatlar sayəsində daha çox ölkəyə mavi qaz nəqli həyata keçiriləcək. Bu isə Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirəcək", - deyə Vüqar Bayramov vurğuladı.
Xədicə BAXIŞLI