“Azərbaycan-Türkiyə enerji və nəqliyyat layihələri ixrac potensialını artırır”
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə ikitərəfli əlaqələrin, xüsusən enerji və nəqliyyat sahələrinin genişlənməsi, SOCAR və “Botaş” arasında əməkdaşlıq, Azərbaycan qazının Qətərin dəstəyi ilə Türkiyə üzərindən Suriyaya çatdırılması, həmçinin birgə enerji layihələri müzakirə olunub. Qars-İğdır-Dilucu dəmir yolu və Azərbaycandakı digər dəmir yolu layihələri də gündəmdə olub.
Azərbaycan-Türkiyə enerji və nəqliyyat layihələrinin genişlənməsi ölkəmizin ixrac potensialına və regional iqtisadi mövqeyinə necə təsir göstərə bilər?
Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, Azərbaycan -Türkiyə enerji və nəqliyyat layihələrinin genişlənməsi ixrac potensialının artması və regional iqtisadi mövqeyinin güclənməsi kimi qiymətləndirilir.

"Yeni əməkdaşlıqlar, ticarət tərəfdaşların sayının artması ixrac gəlirlərinin artması və ixrac risklərində diversifikasiya zərurəti üçün iqtisadi əhəmiyyət kəsb edir. İki ölkənin enerji şirkətinin əməkdaşlığı infrastrukurun yeni inkişaf mərhələsi həmçinin ixrac marşrutlarının müəyyənləşdirilməsi, tərəfdaş ölkə üçün tranzit gəlirləri baxımdan da iqtisadi səmərə təşkil edir. Cari əməliyyatlar balansında enerji hesabının profisitinin dayanıqlığı daha da artır, fiskal struktur çərçivəsində neft-qaz gəlirlərinin çevikliyi artır. Yuxarda qeyd etdiyim ki, layihənin icrasi nəqliyyat, logistika sahəsinin inkişafına öz tövbəsini verəcək. Qeyd olunan Qars- İğdır- Dilucu ilə Bakı-Tiflis-Qars dəmir yolunun modernizasiyalaşdırılmış sinxronlaşdırılması tranzit daşımalarda vaxt məhdudiyyətin azaldılması, həmçinin xərclərin azalmasına da səbəb olacaq. İqtisadi, sabit, risksiz gəlirlər hesabına ÜDM ümumi payında da artım müşahidə olunacaqdır", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













