“BlackStone” ilə əməkdaşlıq Azərbaycan üçün hansı imkanları açır?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Söhbət zamanı şirkət rəhbəri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
“Blackstone” ilə əməkdaşlıq Azərbaycana nələr vəd edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, "BlackStone" şirkəti Neft Fondu ilə əməkdaşlığa maraqlıdır və bu əməkdaşlığın genişləndirilməsini hədəfləyir:

"Azərbaycanda əsas pullar Neft Fondu vasitəsilə toplanır. "BlackStone" aktivləri idarə edir. İnsanlar, banklar və fondlar bu şirkətə investisiya qoyur və şirkət həmin yatırımları yerləşdirib idarə edir. Azərbaycanda yığılmış pullar əsasən Neft Fondunda toplanır. "BlackStone"nun rəhbərliyi Neft Fondu ilə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Neft Fondu resurslarını istiqrazlara, səhmə, qızıla və daşınmaz əmlaka yerləşdirir. Bu investisiyalara davamlı olaraq yeni vəsaitlər daxil olur, mövcud investisiyalar satılır və yalnız saxlanılmır. Bu çərçivədə "BlackStone" Neft Fondunun idarə edilməsində maraqlıdır. Şirkət həmçinin böyük maliyyə imkanlarına malikdir və digər maliyyə qurumları ilə əməkdaşlıq edir. Görüşdə detallı məlumatlar təqdim edilməsə də, Azərbaycanın müxtəlif beynəlxalq layihələrinə investor cəlb etmək məsələləri müzakirə olunub. İstənilən halda "BlackStone" dünyanın ən iri aktiv menecment şirkətlərindən biridir və bu əməkdaşlığın müzakirəsi Azərbaycan üçün faydalı imkanlar yarada bilər".
Nuriyyə NATİQQIZI













