"İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlər təkcə milli deyil, həm də qlobal xarakter daşıyır"
"Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
Dövlət başçısının bu önəmli açıqlamasını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, İlham Əliyev BMT kürsüsündən dünya üçün əhəmiyyətli mesajlar səsləndirdi:
"Bu, bir tərəfdən Azərbaycanın gücünü və Prezidentin beynəlxalq nüfuzunu göstərir. Onun müəyyənləşdirdiyi strateji istiqamətlər təkcə milli deyil, həm də qlobal xarakter daşıyır. Azərbaycan regionun enerji təhlükəsizliyinin formalaşmasına və möhkəmlənməsinə töhfə verən ölkədir. Bu çərçivədə əməkdaşlığın dərinləşdirilməsi və daha çox ölkəyə mavi qazın nəqli gündəmdə duran əsas məsələlərdən biridir. Hazırda Azərbaycan 14 ölkəyə mavi qaz nəql edir ki, onların böyük əksəriyyəti Avropada yerləşir. Qeyd etmək lazımdır ki, 2022-ci ildən etibarən Avropada mavi qaza olan tələbat kəskin şəkildə artmış və Azərbaycan bu gün artıq Avropanın mavi qaz idxalında ilk beşlikdə qərarlaşmışdır".

İqtisadçı millət vəkili qeyd etdi ki, ölkəmiz bir tərəfdən ənənəvi enerji məhsullarının, digər tərəfdən isə innovativ məhsulların ixracını həyata keçirmək niyyətindədir:
"Xüsusən, yaşıl enerji ilə bağlı müəyyənləşdirilmiş hədəflər yaxın illərdə Azərbaycanın Avropa da daxil olmaqla, region ölkələrinə yaşıl enerji ixracına imkan yaradacaq. Bu kontekstdə Azərbaycanın həm siyasi mövqeyinin güclənməsi, həm də cənab prezidentin rəhbərliyi ilə yeni uğurlar əldə etməsi aydın şəkildə müşahidə olunur", - deyə Vüqar Bayramov yekunalşdırdı.
Xədicə BAXIŞLI













