"Sosial şəbəkələrdə islahatlara kölgə salmaq istəyən qruplar var" - Vüqar Bayramov

 15:35 19.11.2025     598

"2026-cı ildə məhz bu iki istiqamət, prioritet istiqamət büdcə xərclərimizin 30%-ə yaxınını təşkil edəcək".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı bildirdi.

Onun sözlərinə görə, baxmayaraq ki, büdcə xərclərimizin təxminən üçdə biri milli təhlükəsizliyimizin, birincidə də işğaldan azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına yönəldilir.

"Amma bütün bunlarla yanaşı 2026-cı ilin dövlət büdcəsi sosial büdcədir. Çünki 2026-cı ildə dövlət büdcəsindən sosial sahəyə 17 milyard manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu, büdcə xərclərinin 41%-i deməkdir. Və eyni zamanda deməkdir ki, növbəti il büdcədən ayrılan hər 100 manatın 41 manatı məhz sosial istiqamətə yönləndiriləcək.

Bu da praktiki olaraq, növbəti ildə də cənab prezidentin rəhbərliyi ilə sosial siyasətin daha da dərinləşməsi, güclənməsi və sosial təminat tədbirlərinin gücləndirilməsi anlamına gəlir. Eyni zamanda 2026-cı ilihn dövlət büdcəsi həmçinin təbii ki, iqtisadiyyatın diversifikasiyası baxımından aparılan islahatların, eləcə də kölgə iqtisadiyyatının minimumlaşdırılması, iqtisadiyyatın ağardılması ilə bağlı islahatların dərinləşəcəyindən xəbər verir.

Baxmayaraq ki, bəzi sosial şəbəkələrdə iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatlara kölgə salmaq istəyən qruplar var. Amma sadəcə bir faktı qeyd etmək lazımdır ki, yalnız 1995-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 50 dəfə artıb. Yəni praktiki olaraq, bu, onu deməyə əsas verir ki, məhz 1995-ci ildən Heydər əliyevin rəhbərliyi ilə iqtisadiyyatın stabilləşməsi, daha sonra cənab prezidentin rəhbərliyi ilə aparılan islahatlar bir tərəfdən ÜDM-də, eləcə də adambaşına düşən ÜDM-də artımla, digər tərəfdən isə fiskal gəlirlərimizin artmasına gətirib çıxardıb", - deyə V.Bayramov qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən