Tranzit axınları artır, gəlirlər yüksəlir - Deputat yeni memorandumdan DANIŞDI

 19:06 28.11.2025     651

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutunun qərb hissəsinin inkişafını hədəfləyən üçtərəfli memorandum imzalanıb. Sənəd tariflərin uzlaşdırılması, vahid tarif sisteminin yaradılması, müntəzəm blok-qatarların buraxılması və daşınma prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Razılaşma tərəflər arasında daha sürətli və səmərəli logistika zəncirinin qurulmasına, eləcə də regionda tranzit axınlarının artırılmasına şərait yaradacaq.

Bu memorandum Azərbaycanın regional tranzit oyunçusu kimi rolunu nə qədər gücləndirir? Memorandumun iqtisadiyyatımıza təsiri necə olacaq?

Sualımıza cavab olaraq Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirdi ki,  Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsinə dəstək olan ölkələrdəndir və bu kontekstdə hər iki ölkə, ümumiyyətlə region ölkələri ilə bu istiqamətdə aparılan müzakirələri müşahidə edirik:

"Çünki nəticə etibarilə bu, region üzərindən daşınan yüklərin həcminə təsir göstərir. Son anlaşma memorandumu Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsinə dəstək olmaqla yanaşı, region üzərindən daşınan yüklərin həcminin artmasına da təsir göstərəcək. Gözlənilən odur ki, region üzərindən daha çox yük daşınmasını müşahidə edəcəyik. Bu da region ölkələrinin beynəlxalq yükdaşımadan əldə etdiyi gəlirlərin artırılması baxımından vacibdir. Çünki nəticə etibarilə bu, həmin region ölkələri üçün xüsusən valyuta daxilolmalarının həcminin artmasına imkan yaradacaq. Təbii ki, Azərbaycan da Orta Dəhlizin genişləndirilməsi ilə bağlı kifayət qədər ciddi fəaliyyət həyata keçirir. Bildiyimiz kimi, dəmir yolu daşımaları daha cəlbedici və az xərcli daşımalar hesab olunur. Ona görə də dəmir yolu sahəsində əməkdaşlıq birbaşa ölkələr üzərindən daşınan yüklərin həcminə təsir göstərir və yalnız dəmir yolu sisteminə deyil, bütövlükdə ölkələrin gəlirlərinin artmasına xidmət edir".

Millət vəkili qeyd etdi ki, sözügedən anlaşmadan sonra dəmir yolu sahəsində regional ölkələr arasında əməkdaşlığın güclənməsini və ölkələrin bu istiqamətdən əldə etdiyi gəlirlərin artmasını müşahidə edəcəyik.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən