Bazara yeni ucuz qızıl gəlir? - Rəsmi AÇIQLAMA
Qızılın qiymətinin qalxması ilə bərabər hər kəsin diqqətini ucuz qızllar çəkir. Qızıl bazarında yayılan məlumatlara görə, 10K əyar qızılın satışına başlanılacaq.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov bildirdi ki, hazırda assosiasiyaya bu barədə hər hansı rəsmi müraciət, fakt və ya təsdiqedici məlumat daxil olmayıb:

"Bazarda bu əyarda satılan məmulata rast gəlinməyib, əsasən 750 və 585 əyarlı qızıl məmulatlarının satışda olduğu müşahidə olunur. Bildiririk ki, ölkəmizdə zərgərlik sahəsində formalaşmış məsuliyyətli sahibkarlar fəaliyyət göstərir və zərgərlik bazarında etibarlı işgüzar davranışlar, eləcə də peşəkar standartlara riayət olunması əsas prinsip kimi qəbul edilir. Bu baxımdan, bazar iştirakçıları öz nüfuz və reputasiyalarını qorumaqla yanaşı, istehlakçıların aldadılmasına və qeyri-dəqiq məlumatlar əsasında məhsul təqdimatına yol verilməməsi istiqamətində xüsusi həssaslıq nümayiş etdirirlər. Qızıl məmulatlarının əyarı, tərkibi və dövriyyəsi qüvvədə olan normativ tələblərə uyğun şəkildə tənzimlənir. Bu istiqamətdə hər hansı fakt daxil olarsa, ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Nuriyyə NATİQQIZI













