Sahibkarlığı bu yolla canlandırmalıyıq! – Mütəxəssislər DANIŞDI

 19:58 05.02.2026     2334

Azad sahibkarlığın inkişafı təkcə iqtisadi fəallığın artması ilə deyil, eyni zamanda işsizliyin azaldılması və gənclərin əmək bazarına inteqrasiyası ilə də əlaqələndirilir. Bu kontekstdə ali təhsil müəssisələrində sahibkarlıq və biznes yönümlü fənlərin tədrisinin genişləndirilməsinin əhəmiyyəti aktual müzakirə predmetinə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, məşğulluğun təmin edilməsində qeyri-dövlət sektorunun payında artım müşahidə olunur:

"Hazırda özəl sektor tərəfindən yaradılan iş yerlərinin sayı 928 minə çatıb. Dövlət sektorunda isə bu rəqəm 869 mindir. Rəqəmlərin müqayisəsi göstərir ki, xüsusən son iki ildə özəl sektor tərəfindən yaradılan iş yerlərinin sayı artıb. Bu, sahibkarlığın iş yerlərinin yaradılmasında rolunun artması və məşğulluğa daha çox töhfə verməsi deməkdir. Azad sahibkarlıq inkişaf etdikcə daha çox iş yerləri yaradılacaq və ixtisaslı kadrların işlə təminatı genişlənəcək ki, bu da məşğulluğun təminatı baxımından vacibdir. Bütövlükdə məşğulluğun dayanıqlığı baxımından özəl sektorun iş yerlərinin yaradılmasında payının artırılması əhəmiyyətlidir və siyasət də bu istiqamətdə aparılır".

Bəzi hallarda işəgötürən məsul vəzifələrə götürdüyü işçini asanlıqla  vəzifədən azad edir – Vüqar Bayramov - Trend.Az

Millət vəkili son olaraq qeyd etdi ki, növbəti illərdə sahibkarlıq subyektləri tərəfindən daha çox iş yerlərinin yaradılması, xüsusən də ixtisaslı kadrların işlə təminatında özəl sektorun payının artması gözlənilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli isə bildirdi ki, məşğulluğa sahibkarlığın təsiri çox mühümdür:

"Birinci səbəb odur ki, sahibkarlar özləri iş yeri yaratmaqla məşğul olurlar; ikinci səbəb isə, onlar iş yerləri yaradaraq digər insanları da təmin etmiş olurlar. Beləliklə, sahibkar bir neçə istehsal amilini birləşdirir, istehsal və iş yerləri yaradır. Təbii ki, bu kapitalist bazar iqtisadiyyatının ən çətin və formalaşması zaman alan institutlarından biridir. Ona görə də bütün ölkələrin əsas məqsədi, iqtisadi siyasət və doktrinanın funksiyası məhz sahibkarlıq sinfinin inkişafını təmin etmək, xarici investisiyanı və sahibkarları ölkəyə cəlb etməkdir. Qeyd edim ki, bir çox inkişaf etmiş ölkələrdə həm kiçik-orta, həm də iri sahibkarlığın inkişafına dair ayrıca dövlət proqramları mövcuddur. Azərbaycanda isə indiyədək əsas diqqət kiçik-orta sahibkarlığa yönəlib. Amma inkişaf etmiş və inkişafda olan ölkələrdə iri sahibkarlığın inkişafını stimullaşdıran proqramlar da mövcuddur. Məsələn, gəliri artdıqca vergi yükünün azalması iri sahibkarlığın inkişafını təşviq edir".

Azerforum.com

Müsahibimiz əlavə etdi ki, ali təhsil müəssisələrində biznes yönümlü fənlər get-gedə artır:

"Biznes iqtisadiyyat sahəsi əvvəllər ümumi iqtisadiyyatla birlikdə tədris edilirdisə, indi biznes ixtisası ayrıca bir sahə olaraq universitetlərdə ayrılıb, fakültələr formalaşıb və tələb olunan bir sahəyə çevrilib. Bundan əlavə, bütün dünyada “Master of Business Administration” kimi proqramlar fəaliyyət göstərir. Universitetlər bu sahəyə diqqət yetirərək tələbələrin biznes idarəçiliyi bacarıqlarını artırmağa çalışır, çünki bu sahəyə diqqət yetirməyənlər bugünkü trendlərdən geri qalır. Müasir dövrdə startaplar da diqqət mərkəzindədir. Azərbaycanda startaplar vergidən azaddır və ali savadı, bilikləri və texnoloji məlumatı olan hər kəs bu sahədə uğur qazana və vergi ödəyicisinə çevrilə bilər. Beləliklə, həm universitetlər, həm də adi insanlar bu bilik və bacarıqları formalaşdırmaq, riskləri qiymətləndirmək və sahibkarlıq potensialını artırmaq üçün çalışırlar. Sahibkarlıq, həmçinin insanlara iqtisadi prosesləri düzgün qiymətləndirmək və onlardan faydalanmaq imkanı verir. Bu baxımdan hesab edirəm ki, dövlət və universitetlər sahibkarlıq sinfinin inkişafına səy göstərməlidir".

İnsan resursları üzrə konsultant İlkin Mirzəzadənin sözlərinə görə isə son beş ildə Azərbaycanda sahibkarların sayı artıb və sahibkarlığa maraq yüksəlməkdədir:

"Bu, işsizliyin azaldılmasında və məşğulluğun artırılmasında böyük rol oynayır. Yeni biznes fəaliyyətə başladıqda, sahibkarlar minimum səviyyədə bir neçə işçini işə cəlb edir, onlara əməkhaqqı təklif edirlər. Bu da ümumilikdə işsizliyin azalmasına, məşğulluğun artırılmasına və rifahın yaxşılaşmasına müəyyən töhfə verir. Amma hələ də inkişaf qaneedici deyil. Daha yaxşı stimullar yaradılmalı, xüsusilə kiçik və orta sahibkarlığa daha çox güzəştlər tətbiq edilməli, onların vergi və digər yükü azaldılmalıdır".

Müdirlər qorxur ki, işçini yetişdirsələr, o gedə bilər” – İlkin Mirzəzadə |  Banco.az

Müsahibimiz əlavə etdi ki, ali təhsil müəssisələrində sahibkarlıq və biznes yönümlü fənlərin keçirilməsi çox vacibdir.

"Hazırda universitetlərdə əsasən nəzəri dərslər keçirilir, praktik yönümlü dərslər isə azdır. Nəticədə tələbələr biliklərini digər mənbələrdən kurslardan, mentorlar vasitəsilə və real həyatdan əldə edirlər. Çox yaxşı olardı ki, universitetlərdə ustad dərsləri təşkil olunsun. Bu dərslərə sahibkarlar, konsultantlar və real biznes dünyasından insanlar dəvət edilsin və tələbələrlə görüş keçirilsin. Eyni zamanda, ali təhsil müəssisələrinin ixtisasları və sillabusları müasir iş dünyası və bazar tələblərinə uyğunlaşdırılmalıdır. Əks halda nəticələr gecikəcək. Qonşu ölkələr - Gürcüstan, keçmiş düşmənimiz Ermənistan, Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistan – sahibkarlığın inkişafı yönündə ciddi addımlar atıblar. Vergi güzəştləri və digər təşviq mexanizmləri tətbiq edərək sahibkarlığı stimullaşdırırlar. Biz də geri qalmamaq üçün bu təcrübələri tətbiq etməliyik", - deyə o, sonlandırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən