“TRİPP layihəsi Azərbaycanın dövlət gəlirlərinin artımı üçün yeni imkanlar yaradacaq”

 12:19 12.02.2026     651

"TRİPP layihəsi bütövlükdə region üçün vacib layihələrdən biridir. Nəzərə alsaq ki, bu layihə bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək, digər tərəfdən isə bütövlükdə region dövlətləri üçün əlavə iqtisadi dividendlər gətirəcək".

Bu fikirləri Redaktor.az-a ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Bakıda TRİPP layihəsi haqqında dediklərini şərh edən deputat Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, bir tərəfdən TRİPP layihəsi həm Şərq-Qərb nəqliyyat dəhlizinə, həm də Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya olunacaq:

"Eyni zamanda, Orta Dəhlizin ötürmə imkanlarının artmasına gətirib çıxaracaq. Ona görə də cənab prezidentin ABŞ-nin vitse-prezidenti ilə görüşündə qeyd etdiyi kimi, məhz Azərbaycan TRİPP layihəsinin və bütövlükdə bu dəhlizin reallaşmasında maraqlıdır. Çünki bu, eyni zamanda region üçün yeni imkanlar deməkdir. O kontekstdən, Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin Azərbaycana səfəri, o cümlədən daha öncə Ermənistana səfəri TRİPP layihəsinin reallaşması istiqamətində xüsusi bir addım kimi qiymətləndirilə bilər. Çünki müzakirə edilən əsas məsələlərdən biri məhz TRİPP layihəsi idi. Ona görə də bütün bunlar ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə reallaşacaq yeni layihə regionun inkişafı üçün, eləcə də Azərbaycanın dövlət gəlirlərinin artırılması üçün yeni imkanlar yaradacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən