Tikinti materialları niyə bahalaşıb? - AÇIQLAMA
Havaların isinməsi ilə əlaqədar olaraq tikinti mövsümü də canlanıb və bir çox insan fərdi ev tikintisinə start verib. Xüsusilə yaz-yay aylarında hava şəraitinin əlverişli olması tikinti işlərini sürətləndirdiyi üçün bu dövrdə bazarda hərəkətlilik artır. Lakin bəzi vətəndaşlar bildirirlər ki, tikinti materiallarının qiymətlərində artım müşahidə olunur.
Bəs bu artıma səbəb nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirdi ki, tikinti materialları üç səbəbdən bahalaşır:
"Birincisi, bildiyiniz kimi, bir çox tikinti materialları idxal edilir. Xaricdə qiymətlər bahalaşdıqda və ya logistik, nəqliyyat xərcləri artdıqda, bu, daxili bazarda da qiymət artımına səbəb olur. İkinci səbəb ondan ibarətdir ki, tələbat artdıqda qiymətlər də artır. Tikinti materiallarına tələbat nə vaxt yüksəlir? Tikinti işləri geniş vüsət alanda, xüsusilə də fevral ayının sonu, mart ayında, yəni tikinti mövsümü başlayanda qiymət artımı labüd olur. Üçüncü səbəb isə spekulyativ artım ehtimalıdır. Məsələn, müəyyən inşaat materiallarının satışında satıcılar arasında razılaşma əldə oluna bilər. Lakin hazırda bazarda bu amilin o qədər də qüvvədə olduğu və ya geniş yayıldığını demək olmaz. Yəni söhbət mümkün süni qiymət artımından gedir. Hazırda yaşadığımız dövrdə müşahidə olunan artım daha çox mövsümi xarakter daşıyır. Tikinti işləri aktivləşdiyinə görə tikinti materiallarının qiymətlərində müəyyən artım hiss olunur".
.jpg)
Müsahibimiz qeyd etdi ki, bu gün bir çox hallarda yeni tikinti aparmaqdansa, bazara müraciət edərək artıq tikilmiş binaları və ya fərdi yaşayış evlərini almağa üstünlük verilir:
"Çünki əvvəllər tikinti materialları daha ucuz olduğuna görə həmin dövrdə inşa edilmiş evlər bazara nisbətən aşağı qiymətlərlə çıxarılıb. Bu səbəbdən də hazırda bir çox vətəndaş üçün artıq tikilmiş evləri almaq daha sərfəli görünür. Bir çox hallarda xalq arasında “makler evi” adlandırılan tikililər olur. Bu tip evlər əsasən qazanc məqsədilə tikilir və bəzən keyfiyyəti aşağı olur. Ona görə də vətəndaşlar ehtiyatlı davranmalıdırlar. Hər hansı tikinti məhsulunu və ya materialını, yaxud tam hazır vəziyyətdə evi alqı-satqı etməzdən əvvəl mütləq mütəxəssislərə müraciət olunmalıdır. Mütəxəssislər evin hansı məqsədlə tikildiyini, istifadə olunan materialların keyfiyyətini və ümumilikdə həmin tikilinin alıcının zövqünə, istəyinə və tələblərinə uyğun olub-olmadığını qiymətləndirməlidirlər. Çünki bir çox hallarda bu qərar tikinti sahəsində təcrübəsi olmayan, ilk dəfə ev alan və ya ümumiyyətlə tikinti proseslərindən uzaq olan şəxslər tərəfindən verilir. Bu isə son nəticədə ciddi problemlərin yaranmasına səbəb ola bilər".
Nuriyyə NATİQQIZI













