"Azərbaycan yaşıl enerji mənbələri ilə yeni bir mərhələyə qədəm qoyur" - Deputat
Dünən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı qeyd edib ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan həyata keçirdiyi layihələrlə Avropanın enerji təchizatında mühüm rol oynayıb:
"Ölkəmiz yeni əsr enerji təminatında yeni mərhələ yaradıb ki, buna da yaşıl enerji mərhələsi deyilir. Məsələ ondadır ki, əgər 90-cı illərin əvvəllərindən Azərbaycan qazma və çıxarma enerji vasitələri ilə Avropa üçün alternativ təminat yaratmışdısa, bu gün yaşıl enerji mənbələri ilə yeni bir mərhələyə qədəm qoyur. Bu, Azərbaycanın neft gəlirlərindən əldə etdiyi investisiyaların yaşıl enerjiyə çevrilməsi istiqamətində atılan mühüm strateji addımdır. Çünki bərpa olunan enerji növlərinin hər biri – günəş enerjisi, hidroenerji və sair – gələcəyin enerji mənbələri kimi çıxış edir və dördüncü sənaye inqilabının əsas enerji mənbəyinə çevrilməkdədir".
Millət vəkili vurğuladı ki, Azərbaycan bununla bağlı çox mühüm addımlar atıb:
"Elə bu gün Azərbaycanda keçirilən tədbir də məhz bu imkanların yenidən dəyərləndirilməsi ilə bağlıdır. Artıq Azərbaycanın bərpa olunan enerji vasitələrindən istehsal etdiyi enerjinin miqdarı artıqdır. Bu o deməkdir ki, artıq bizim ixrac potensialımız var və bunun üçün yeni marşrutların müəyyənləşdirilməsi, Qara dənizin altından çəkilən yeni yaşıl enerji ötürücü kabellərinin realizə olunma mərhələsi və bu imkanların daha da genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib.
Şübhəsiz ki, yerləşdiyimiz coğrafiyanın xarakteri və coğrafi kodları küləkdən və günəşdən ən səmərəli enerji istehsal etmək üçün olduqca münbitdir. Məsələnin mahiyyəti bundan ibarətdir və bu da Avropa ölkələri ilə əməkdaşlıq üçün çox mühüm perspektivlər açır. Ona görə, əlbəttə ki, önümüzdəki mərhələdə biz Avropa enerji xəritəmizin daha da şaxələndirilməsinə şahidlik edəcəyik".
Aytəkin TOFİQQIZI













