Azərbaycan Avropaya daha çox qaz göndərməyə hazırlaşır - Deputat DANIŞDI
"Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir".
Bunu ötən günlərdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı qeyd edib.
Bəs ölkəmizin Avropanın enerji bazarında mövcudluğu genişləndirmək üçün hansı addımlar atıla bilər?
İqtisadçı deputat Vüqar Bayramov Redaktor.az-a bildirdi ki, Azərbaycanın mavi qaz hasilatında artımlar proqnozlaşdırılır.
Millət vəkilinin sözlərinə görə, Cənub Qaz Dəhlizinin infrastrukturunun və ötürücülük qabiliyyətinin genişləndirilməsi prioritetdir:
"Abşeron yatağından növbəti üç il ərzində hasilatın üç dəfə artırılması nəzərdə tutulub. Eyni zamanda, "Ümid" yatağı daha çox mavi qaz, təbii qaz hasil edəcək. Bu da, təbii ki, dünya bazarına daha çox mavi qazın hasil edilib göndərilməsi deməkdir.
Eləcə də "Şahdəniz"in artıq ikinci mərhələsində hasilatın təxminən 10–15 milyard kubmetr artırılması nəzərdə tutulur ki, bu da təbii nəticə etibarilə mavi təbii qaz hasilatının və ixracatının artması anlamına gəlir. O baxımdan, Azərbaycan Avropaya daha çox mavi qaz nəql etmək imkanlarına malik olacaq.
2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr mavi qaz hasil edib və bu, əvvəlki ilə nisbətən daha çox hasilatdır. Eyni zamanda, növbəti illər üçün də hasilatın həcminin artacağı proqnozlaşdırılır ki, bu da nəticə etibarilə Azərbaycanın Avropa bazarında daha çox paya malik olması anlamına gəlir".
V.Bayramov vurğuladı ki, hazırda Azərbaycan Avropaya mavi qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir və Azərbaycanın mavi qaz hasilatının artması bu istiqamətdə ölkəmizin payının və töhfəsinin genişlənməsinə gətirib çıxaracaq:
"Cənab prezidentin Məşvərət Şurasının iclasında qeyd etdiyi kimi, bu kontekstdə Azərbaycanın mavi qaz hasilatının artması fonunda eyni zamanda Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə də ehtiyac var. Nəticə etibarilə Cənub Qaz Dəhlizinin həm interkonnektor, həm də digər alətlər vasitəsilə ötürmə imkanlarının artırılması daha çox mavi qazın Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarına çıxarılmasını təmin edəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında cənab prezidentin çıxışında qeyd etdiyi məqamlar birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycan növbəti illərdə mavi qaz hasilatını artırmaqla Avropa bazarına daha çox təbii qazın nəqlini həyata keçirə biləcək".
Aytəkin TOFİQQIZI













