Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - Deputatdan AÇIQLAMA

 13:08 20.04.2026     427

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da bəzi məhsulların ixracının həyata keçirilməsi gözlənilir.

Maraqlıdır, bəs Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistanla iqtisadi əlaqələri bərpa edir:

"Azərbaycan üzərindən Ermənistana daşınan yüklərin həcmində, yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırdı və bu da xeyli həcmdə yükün Azərbaycan üzərindən Ermənistana daşınmasına gətirib çıxarıb. Eyni zamanda artıq Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Bu da təbii ki, Azərbaycan-Ermənistan arasında ticarətin formalaşması anlamına gəlir. Ermənistan da Azərbaycan bazarına öz məhsullarını göndərmək niyyətindədir və bu niyyəti bir neçə dəfə rəsmi olaraq açıqlayıb. Eyni zamanda Ermənistanın bir sıra məhsullarının Azərbaycana göndərilməsi ilə bağlı fəaliyyətlər həyata keçirməyə çalışıb. Ermənistan rəsmilərinin çıxışlarına istinad etsək, bu həm Ermənistanda istehsal olunan sement məhsulları, həm də bir sıra digər məhsulların, o cümlədən Ermənistan hətta Azərbaycana mübadilə formasında elektrik enerjisi də nəql etmək imkanına malik olduğunu da bəyan edib".

Millət vəkili vurğuladı ki, alkoqollu içkilər və bəzi ərzaq məhsulları üzrə də Ermənistan Azərbaycanla əməkdaşlıq qurmaqda maraqlı olduğunu bildirib:

"Ona görə də həm ərzaq, həm qeyri-ərzaq məhsulları üzrə Ermənistan Azərbaycanla ticarət qurmaq niyyətindədir. Hər halda Azərbaycan da sülh müqaviləsinin daha tez bağlanmasında və bütövlükdə regionda dayanıqlı sülhün möhkəmlənməsində maraqlı ölkədir. Əgər ölkələr arasında sülh müqaviləsi daha tez bağlanarsa, Ermənistan konstitusiyasına daha tez dəyişiklik edərsə, bu iki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə xidmət etmiş olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən