"Əsas hədəf İranı bərpa imkanlarından məhrum edərək daxildən sarsıtmaqdır"

 19:52 21.04.2026     506

İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud problemlərlə bağlı açıqlama verib. O, çıxışı zamanı İranda enerji və yanacaq da daxil olmaqla bir sıra sahələrdə çatışmazlıqların olduğunu bildirib.

Bəs mövcud şəraitdə İranın iqtisadiyyatı buna nə qədər davamlı ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli bildirdi ki, İranda onsuz da ağır olan iqtisadi vəziyyət yüksək inflyasiya və devalvasiya fonunda artan narahatlıqlar, mühüm infrastrukturun sıradan çıxması ilə daha da kəskinləşib.

Onun fikrincə, neft yataqlarının və ixrac limanlarının hazırkı acınacaqlı durumu İran iqtisadiyyatının vəziyyətini qaçılmaz olaraq pisləşdirəcək:

"Bu gərginlik, təbii ki, əhalinin sosial narahatlığının artmasına gətirib çıxaracaq. Belə görünür ki, aparılan hərbi əməliyyatların da əsas məqsədi quru qoşunlarını daxil etmədən, dövləti ağır iqtisadi vəziyyətə salmaqla daxildən zəiflətməkdir. İraq təcrübəsinə nəzər salsaq görərik ki, müharibənin başlaması ilə rejimin devrilməsi arasında bir neçə il vaxt keçmişdi. Burada da proseslər bir çox amildən, xüsusilə Hörmüz boğazının bağlanıb-bağlanmayacağından və limanların növbəti mərhələdə tamamilə dağıdılıb-dağıdılmayacağından asılıdır".

Müsahibimiz hesab edir ki, hazırkı sülh cəhdləri daha çox imitasiyaya bənzəyir. 

"Görünür, vəziyyətin daha da pisləşməsi üçün sadəcə vaxtı uzadırlar. Daxili vəziyyətə gəlincə, xalqın narazılıqlarının qarşısının qəddarlıqla alındığını müşahidə edirik. Lakin neft ixracının artıq birmənalı şəkildə məhdudlaşması iqtisadi tənəzzülü və devalvasiyanı daha da dərinləşdirəcək. Prosesin nə qədər davam edəcəyinə dəqiq cavab vermək çətin olsa da, əsas hədəf İranı bərpa imkanlarından məhrum edərək daxildən sarsıtmaqdır. Vaxtaşırı həyata keçirilən bombardmanlar fonunda hakimiyyət dəyişikliyi ən tez ssenari üzrə bir ildən çox vaxt apara bilər. Lakin İraq nümunəsində olduğu kimi, Səddam Hüseynin devrilməsinə qədər keçən uzun müddəti nəzərə alsaq, bu proses daha da uzana, hətta 5-6 il davam edə bilər", - deyə Emin Qəribli bildirdi. 

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən