İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşına çevrilir - Deputat
"Azərbaycan ilə İtaliya arasında formalaşan münasibətləri sadəcə siyasi və diplomatik məzmunla məhdudlaşdırmaq olmaz. Münasibətlərimiz sadəcə enerji amili üzərindən də inkişaf etdirilmir. Azərbaycan-İtaliya münasibətləri artıq elə bir modelə çevrilib ki, bu model qarşılıqlı marağa, etimada söykənir. Avropa ölkələri arasında İtaliya Azərbaycanın strateji tərəfdaşı kimi xüsusi əhəmiyyətə malik ölkədir. Biz bunu sadəcə sözdə deyil, konkret addımlarla da görmüşük".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycanla İtaliya arasındakı iqtisadi münasibətlərdən danışarkən bildirdi.
O qeyd etdi ki, 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə antiterror əməliyyatları və bundan sonra da İtaliyanın dəyişməz mövqeyi bir daha göstərdi ki, tərəfdaşlıq və əməkdaşlıq düzgün seçilib:
"Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunması mühüm məsələdir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi 2025-ci il üzrə 10 milyard kubmetr təşkil edir. Azərbaycan özünü sabit və etibarlı tərəfdaş kimi sübut edib".
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında irimiqyaslı layihələr nəzərdən keçirilir ki, bu da münasibətlərə yeni bir çalar qatacaq:
"Hərbi-texniki və təhlükəsizlik sahəsində də yeni mərhələnin başlandığını görürük. Artıq bu istiqamətdə konkret addımlar atılır. Azərbaycan Hərbi Hava Qüvvələri üçün yük təyyarələri alınır. Bütövlükdə, münasibətlərimizin humanitar sahə üzrə dərinləşməsi dayanıqlı əsaslardan xəbər verir. Bu münasibətlərin cari durumu ondan xəbər verir ki, perspektivdə bizi yeni əməkdaşlıq istiqamətləri gözləyir".
Xədicə BAXIŞLI













