Maaşlarımızı istədiyimiz bankdan ala biləcəyik? - yeniliklə bağlı AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda əmək proseslərinin rəqəmsallaşdırılması və sadələşdirilməsi istiqamətində yeni addımlar planlaşdırır. AMB sədri Taleh Kazımov bildirib ki, məqsəd vətəndaşların maaş və pensiyalarını istədikləri bank vasitəsilə daha rahat ala bilməsidir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inteqrasiya həyata keçiriləcək. Layihə ilkin mərhələdə Bakı və Abşeron bölgəsini əhatə edəcək, daha sonra isə pensiyaçılara da şamil olunacaq. Prosesin 3-4 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu layihəni çox yaxşı qiymətləndirir:
"Burada bütün müəssisələrdən yox, yalnız dövlət sektorundan söhbət gedir. Addımın özü çox yaxşı addımdır. Vətəndaşlar üçün, dövlət sektorunda çalışanlar üçün əməkhaqqı seçim azadlığının yaradılması müsbət dəyişiklikdir. Xüsusilə qeyd etmək lazımdır ki, özəl sektora bu dəyişikliklərin təsiri yoxdur. Özəl sektor öz daxili qaydalarına uyğun olaraq istədiyi bankla işləyə bilər, amma dövlət sektoru üçün bu mexanizm tətbiq olunur. Bu addımın ən vacib tərəfi ondan ibarətdir ki, vətəndaşın işi rahatlaşır. İstədiyi kartı seçmək imkanı yaranır. Kartların müxtəlif üstünlükləri var. Əvvəllər vətəndaş maaşı kartdan nağdlaşdırır, sonra başqa karta köçürürdü və bu zaman əlavə rüsumlar və xərclər yaranırdı. İndi isə bu proseslərdən azad olunması nəzərdə tutulur. Eyni zamanda, xüsusilə yaşlı insanlar və pensiyaçılar üçün bu sistem daha rahat olacaq. Çünki mobil tətbiqlərdən istifadədə çətinlik çəkən insanlar üçün vəsaitin birbaşa istədiyi bank kartına köçürülməsi həyatlarını asanlaşdırır. Bu, vətəndaş baxımından çox müsbət dəyişiklikdir".

İqtisadçının sözlərinə görə, bank sektoru üçün də bu addım əhəmiyyətlidir.
"Hazırda bəzi iri banklar əməkhaqqı və pensiya kartları hesabına ciddi üstünlük qazanır. Vəsaitlər həmin banklarda toplanır və bu da onlara əlavə resurs üstünlüyü verir. Digər bankların isə bu resurslara çıxışı məhdudlaşır. Bu mexanizm bank bazarında rəqabəti zəiflədən amillərdən biri idi. Mərkəzi Bankın bu addımı isə həmin üstünlükləri azaldacaq və daha bərabər rəqabət mühiti yaradacaq. Vətəndaş istədiyi lisenziyalı bankı seçə biləcək və bu da banklar arasında resurs cəlbi baxımından sağlam rəqabəti gücləndirəcək. Kredit şərtləri və digər maliyyə məhsulları da daha ədalətli formalaşacaq. Bu inteqrasiya prosesi həyata keçirilə bilər, amma özəl sektora məcburi şəkildə tətbiq oluna bilməz. Özəl şirkətlər hansı bankla işləyəcəyini sərbəst şəkildə seçirlər. Dövlət sektoru üçün isə bu daha çox seçim azadlığının artırılması və sistemin optimallaşdırılması məqsədi daşıyır", - deyə o bildirdi.
NURİYYƏ













