1000 manatdan az qazananlara vergi güzəştləri olacaq? - AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli təklif edib ki, ikinci iş yerində çalışanlar üçün ayrıca vergi güzəştləri tətbiq etmək əvəzinə, Azərbaycanda vahid gəlir deklarasiyası sistemi qurulmalıdır. O hesab edir ki, insanın neçə yerdə işləməsinin fərqi olmamalı, vergi onun ümumi gəlirinə əsasən hesablanmalıdır. İqtisadçı 1000 manatdan aşağı gəlirli şəxslərin vergidən azad edilməsini, daha yüksək gəlirlərə isə mərhələli vergi dərəcələrinin tətbiqini təklif edir.
Həmkarının fikirlərini Redaktor.az-a şərh edən iqtisadçı Pərviz Heydərov bildirdi ki, bu ilin əvvəlinə qədər özəl sektorda çalışan işçilərə 7 il ərzində aylıq gəlirləri üzrə müəyyən güzəştlər tətbiq olunurdu.
"Belə ki, 8000 manata qədər maaş alan fiziki şəxslər gəlir vergisindən azad idilər. Bu güzəşt 7 il qüvvədə qaldı. Lakin cari ilin yanvarın 1-dən həmin güzəşt ləğv edildi və növbəti illərdə fiziki şəxslərin gəlir vergisinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Yəni 7 il ərzində tətbiq olunan vergi güzəştləri hökumət tərəfindən aradan qaldırıldı. Halbuki həmin güzəştlərin müddətini bir qədər də uzatmaq mümkün idi. 1000 manatdan az qazananlar üçün vergi güzəştlərinin tətbiqinə gəldikdə isə, bu yalnız fiziki şəxslərin gəlir vergisinə aid edilə bilər. Sosial ayırmalar üzrə belə bir yanaşmanın tətbiqi məqsədəuyğun hesab olunmur. Məcburi dövlət sosial sığorta ayırmaları hər bir vətəndaşın gələcək pensiya təminatı baxımından vacibdir. Bu ödənişlər vətəndaşın Dövlət Sosial Müdafiə Fondundakı fərdi hesabında pensiya kapitalı kimi toplanır və şəxs pensiya hüququ əldə etdikdən sonra həmin kapitalın həcminə uyğun olaraq pensiya alır" - deyən həmsöhbətimiz hesab edir ki, bu baxımdan məcburi dövlət sosial sığorta ayırmalarının ləğvindən söhbət gedə bilməz:

"Ancaq fiziki şəxslərin gəlir vergisi ilə bağlı müəyyən güzəştlərin azgəlirli vətəndaşlara tətbiq olunması mümkün hesab edilə bilər. Burada əsas məsələ həmin güzəştlərin hansı həddən tətbiq olunacağıdır. Məsələn, bu hədd 1000 manat müəyyən edilə bilər, yaxud minimum əməkhaqqı səviyyəsinə qədər olan gəlirlərdən vergi tutulmaması kimi bir mexanizm seçilə bilər. Bunun hansı formada həyata keçiriləcəyi ayrıca müzakirə mövzusudur. Belə güzəştlərin tətbiqi ilkin mərhələdə büdcə gəlirlərinə müəyyən mənfi təsir göstərə bilsə də, kölgə iqtisadiyyatının azalması və əmək münasibətlərinin leqallaşdırılması baxımından müsbət nəticələr verə bilər".
NURİYYƏ













