"Hər hansı bir ittifaqa daxil olduqda iqtisadi suverenlik tam qorunmaya bilər" - İqtisadçı

 23:33 09.06.2026     491

"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü təşviq etməyə hazırıq". Bunu Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib.

Rusiya ölkəmizin bu qurumda təmsil olunmasını niyə istəyir? Azərbaycanın bu üzvlüyə ehtiyacı varmı? Bu üzvlük ölkəmizə nə verə bilər?

İqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın hansısa birliklərə qoşulması özünün işidir:

"Məsələ ondan ibarətdir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmadan da onun üzvləri ilə geniş iqtisadi-ticarət əlaqələrinə malikdir. Yəni AİB-nin bizə xüsusi əlavə üstünlük gətirəcəyini hesab etmirəm, amma müəyyən üstünlükləri ola bilər.

Bu üstünlüklərdən biri əmək resurslarının daha sərbəst hərəkətidir. İnsan resursları AİB coğrafiyasında rahat hərəkət edə və uzunmüddətli müddət ərzində işləyə bilər. Beləliklə, indiki kimi Rusiya bazarında məhdud müddətli işləmək problemi aradan qalxa bilər. Hazırda azərbaycanlılar orada işləmək istədikdə müəyyən müddətdən sonra qeydiyyat və ödəniş tələbləri ilə üzləşirlər.

Digər bir üstünlük ticarətdə bəzi vergi və rüsumların azalması ola bilər. Düzdür, hazırda biz Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində AİB ölkələri ilə rüsumsuz ticarət həyata keçiririk. Lakin AİB daxilində əlavə dəyər vergisi və digər bəzi məhdudiyyətlərin də aradan qalxması mümkündür".

Müsahibimiz vurğuladı ki, ticarət imkanlarının genişlənməsi və əmək resurslarının daha sərbəst hərəkəti müsbət görünə bilər:

“Amma bunun əvəzində itirə biləcəyimiz məqamlar da var. Çünki Azərbaycanın ümumi strategiyası suverenliyin tam şəkildə güzəşt edilməməsi prinsipinə əsaslanır. Xüsusilə iqtisadi suverenlik bu baxımdan önəmlidir.

Hər hansı bir ittifaqa daxil olduqda iqtisadi suverenlik tam qorunmaya bilər. Belə ki, müəyyən güzəştlər edilməli, ittifaqın tələblərinə uyğun davranılmalı, gömrük və ticarət siyasəti uyğunlaşdırılmalıdır - həm daxili, həm də xarici ticarətdə.

Nəticədə ölkənin qərarvermə mexanizmi, xüsusilə ticarət və gömrük sahəsində müəyyən qədər məhdudlaşa bilər. Azərbaycanın indiyə qədər izlədiyi strategiya isə çoxvektorlu və şaxələnmiş iqtisadi-ticarət əlaqələrinin qurulmasıdır. Bu yanaşma ölkəyə müxtəlif istiqamətlərdə sərbəst gömrük və ticarət siyasəti aparmaq imkanı verir.

Bu baxımdan həmin birliyə üzvlük müəyyən məhdudiyyətlərə səbəb ola bilər. Ona görə də belə məsələlər tələsik şəkildə müzakirə olunmur”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən