"Proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var"
"Müsbət konseptual məqamlardan biri ondan ibarətdir ki, həyata keçirilən siyasət həm bu il, həm də növbəti illərdə qeyri-neft-qaz sektorunun payının artmasına gətirib çıxaracaq. Təqdim olunan sənəddə də göstərilir ki, bu dinamika müsbətdir. Eyni zamanda, 2025-ci ildə əldə olunan müsbət nəticələrin 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur və mövcud proqnozlara əsasən qeyri-neft-qaz sektorunun payı 57 faizə qədər yüksələcək".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bildirdi.
Onun sözlərinə görə, vacib məsələlərdən biri büdcə proqnozlaşdırılmasında tətbiq olunan metodologiya ilə bağlıdır:
"2025-ci ilin büdcəsinin icrasına dair sənəddə göstərilir ki, proqnozlaşdırılan xərclərlə faktiki icra arasında əhəmiyyətli fərqlər mövcuddur. Nəzərə alsaq ki, 2025-ci ildə dövlət büdcəsi xərclərinin 41,1 milyard manat olacağı proqnozlaşdırılmışdı, faktiki icra isə 38,6 milyard manat təşkil edib. Bu rəqəmlər göstərir ki, təxminən 2,5 milyard manat vəsait istifadə olunmayıb. Bu isə 7 faizə yaxın kənarlaşma deməkdir. Bu fakt onu göstərir ki, proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, 2025-ci ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb və daxili, eləcə də xarici amillər proqnozların dəqiqliyinə ciddi təsir göstərməyib. Bununla bağlı bir tərəfdən proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsi, digər tərəfdən isə vəsaitlərin iqtisadi təsnifata uyğun şəkildə və vaxtında xərclənməsi vacibdir. Çünki təxminən 2,5 milyard manat vəsaitin istifadə olunmaması iqtisadi fəallığa müəyyən təsirlər göstərir və bu vəsaitlərin nəzərdə tutulmuş istiqamətlər üzrə reallaşdırılması zəruridir.
Konseptual olaraq təqdim etmək istədiyim digər təklif büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi məsələsidir. Nəzərə alsaq ki, aylar və rüblər üzrə iqtisadi artım dinamikasına baxdıqda ilin əvvəlində artım tempi nisbətən aşağı olur. Məsələn, 2025-ci ilin birinci rübündə iqtisadi artım 0,3 faiz təşkil etmişdisə, ilin sonunda bu göstərici 3 faizə yüksəlib. Əlbəttə, buna təsir göstərən müxtəlif iqtisadi amillər mövcuddur. Bununla yanaşı, etiraf etmək lazımdır ki, büdcə xərcləri də iqtisadi fəallığın artmasına, xüsusilə ilin sonuna doğru iqtisadi dinamikanın güclənməsinə təsir edən əsas amillərdən biridir. Bir sıra inkişaf etmiş ölkələrdə, Böyük Britaniyada, Yaponiyada, Kanadada, eləcə də uğurlu model kimi təqdim olunan Sinqapurda və resurslarla zəngin Küveytdə büdcə ili ilə təqvim ili fərqləndirilir. Təqvim ili yanvarın 1-dən başladığı halda, büdcə ili həmin ölkələrin bir qismində aprelin 1-dən başlayır. Bu təcrübənin öyrənilməsi və ölkəmiz üçün uyğunluğunun qiymətləndirilməsi məqsədəuyğun ola bilər".
NURİYYƏ













