"Gömrük orqanlarının əsas funksiyası yalnız fiskal gəlirlərin təmin olunması deyil"
"2025-ci il dövlət büdcəsinin icrası haqqında sənədi qiymətləndirərkən həm gəlirlər, həm də xərclər hissəsinə ayrıca diqqət yetirmək vacibdir. Büdcənin icrası göstərir ki, ötən il gəlirlər hissəsi üzrə fiskal və qeyri-fiskal daxilolmaların təmin olunması mümkün olub".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vüqar Bayramov bildirdi.
O vurğuladı ki, 2025-ci ildə dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan 20 milyard 364 milyon manat vəsait daxil olub ki, bu da büdcə gəlirlərinin 52 faizini təşkil edir:
"Bu, o deməkdir ki, ötən il dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri də qeyri-neft-qaz sektoru üzrə daxilolmaların artmasıdır. Belə ki, 2025-ci ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə 16 milyard 395 milyon manat vəsait daxil olub. Bu isə vergi daxilolmalarının 73,4 faizinin qeyri-neft-qaz sektorunun payına düşdüyünü göstərir. Digər mühüm istiqamət gömrük orqanları vasitəsilə dövlət büdcəsinə daxilolmalardır. 2025-ci ildə bu göstərici 6 milyard 369 milyon manat təşkil edib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gömrük orqanlarının əsas funksiyası yalnız fiskal gəlirlərin təmin olunması deyil, həm də dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasıdır. Bu baxımdan gömrük daxilolmalarını qiymətləndirərkən iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının roluna xüsusi diqqət yetirilməlidir. Bu yanaşma gələcəkdə fiskal funksiyalarla yanaşı, gömrük sisteminin iqtisadi təhlükəsizlik sahəsində rolunun daha da güclənməsinə şərait yaradacaq".
NURİYYƏ













