"Neftin bahalaşması Azərbaycanın gəlirlərini artıracaq" - Vüqar Bayramov

 17:28 16.07.2026     432

"Neftin dünya bazarındakı qiymət dəyişiklikləri birbaşa İran ətrafında baş verən hərbi proseslər və xüsusilə də Hörmüz boğazından istifadə imkanları ilə bağlıdır. Hesab edirəm ki, yaxın dövrdə də məhz bu amil əsas faktor olaraq qalacaq. Əgər Hörmüz boğazı vasitəsilə yüklərin daşınması ilə bağlı çətinliklər davam edərsə, bu, neftin dünya bazar qiymətində yeni artımlara səbəb olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov səsləndirdi.

"Azərbaycan, təbii ki, regionda sülh və əməkdaşlığın tərəfdarıdır. Şuşada keçirilən IV Qlobal Media Forumunda da prezident çıxışı zamanı vurğuladı ki, regiondakı müharibə və münaqişələrin ən qısa zamanda başa çatması vacibdir. Prezident qeyd etdi ki, Azərbaycan bu müharibə və qarşıdurmaların tezliklə sona çatmasını istəyir. Təbii ki, ölkəmizin əsas marağı regionda sülhün və sabitliyin təmin olunmasıdır. Bununla yanaşı, neftin dünya bazar qiymətindəki artım neft ixrac edən ölkələrin gəlirlərinə birbaşa təsir göstərir. Bu, ölkənin həm valyuta daxilolmalarının, həm də dövlət gəlirlərinin artmasına səbəb olur. Bu baxımdan, neft qiymətlərinin yüksəlməsi Azərbaycanın dövlət gəlirlərinin və valyuta daxilolmalarının artmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin çoxalmasına şərait yaradacaq. Nəticədə dövlət büdcəsinə daha çox vəsait daxil olacaq", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən