SEPAH-ın təhdidi reallaşarsa, Azərbaycanda nə bahalaşacaq? - İqtisadçı AÇIQLADI
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ştatlar və onun müttəfiqlərinə xeyir gətirən bütün ixrac dəhlizlərini bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, SEPAH-ın ixrac dəhlizlərinin bağlanması ilə bağlı səslənən fikirlər daha çox təhdid xarakteri daşıya bilər:
"Lakin bunun həyata keçirilməsi üçün real imkanlar da olmalıdır. Hörmüz boğazı İranın nəzarət imkanlarının yaxınlığında yerləşdiyi üçün həmin ərazidən keçən gəmilərə təsir göstərmək mümkündür. Amma bütün beynəlxalq nəqliyyat dəhlizlərini bağlamaq İranın imkanları daxilində deyil. Qırmızı dəniz istiqamətində isə husi qruplaşmaları zaman-zaman hücumlar həyata keçirirlər. Ancaq əsas məsələ budur ki, fərz edək, həm Hörmüz boğazı, həm də Qırmızı dəniz marşrutu bağlandı. Bu halda ilk növbədə enerji daşıyıcılarının qiyməti artacaq".
Müsahibimiz qeyd etdi ki, enerji qiymətlərinin yüksəlməsinin Azərbaycan üçün həm müsbət, həm də mənfi tərəfləri var:
"Müsbət tərəfi ondan ibarətdir ki, ölkənin ixrac etdiyi neft və qazın qiyməti yüksələcək. Mənfi tərəfi isə idxal inflyasiyasının artması olacaq. Bu isə birbaşa əhalinin gündəlik xərclərinə təsir göstərəcək. Onsuz da mövcud olan inflyasiya daha da güclənə bilər. Eyni zamanda, Qırmızı dəniz marşrutunda problemlər yaranarsa, daşınma xərcləri əhəmiyyətli dərəcədə artacaq və bu da idxal olunan məhsulların qiymətlərinə təsir edəcək. Bu baxımdan, Hörmüz boğazının bağlanması dövlət büdcəsi üçün müəyyən müsbət maliyyə nəticələri yaratsa da, vətəndaşlar üçün inflyasiya baxımından əlavə yük formalaşdıra bilər. Burada söhbət ondan gedir ki, neftdən əldə olunan gəlirlər ilk növbədə Dövlət Neft Fondunda toplanır və sonradan büdcəyə transfertlər vasitəsilə yönəldilir. Bu vəsaitlər büdcədən maliyyələşən sahələrə, pensiyalara, əməkhaqlarına və müxtəlif dövlət layihələrinə sərf olunur. İnflyasiya isə istisnasız olaraq bütün vətəndaşlara təsir edir və gündəlik istehlak məhsullarının bahalaşmasına səbəb olur. Ümumilikdə, boğazlarda və beynəlxalq nəqliyyat dəhlizlərində problemlərin yaranması Azərbaycanda həm idxal inflyasiyasını artıra, həm də bəzi məhsulların gecikməsi və ya çatışmazlığı ilə nəticələnə bilər. Bununla belə, real təsir imkanları baxımından əsas risk yenə də Hörmüz boğazı ilə bağlıdır. Bunun təsirlərini bu ilin fevral-mart aylarında da müşahidə etdik".
İqtisadçı əlavə etdi ki, həmin dövrdə enerji qiymətləri yüksəldi, Azərbaycanın İran üzərindən idxalı əhəmiyyətli dərəcədə ləngidi, Çindən gələn yüklərin alternativ marşrutlara yönləndirilməsi isə vaxt apardı və bu da daşınma xərclərinin, nəticə etibarilə isə qiymətlərin artmasına səbəb oldu.
Xədicə BAXIŞLI













