Mənzil qiymətləri ilə bağlı gözləntilər alt-üst oldu: Vüqar Oruc eniş ehtimalını qiymətləndirdi
Son aylarda Azərbaycanda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə mənzil almağı planlaşdıran vətəndaşları düşündürən əsas suallardan biri qarşıdakı dövrdə qiymətlərin hansı istiqamətdə dəyişəcəyidir. Bəzi ekspertlər artım tempinin zəifləyəcəyini istisna etməsələr də, bazarda qiymət enişinin baş verəcəyini gözləməyin doğru olmadığını bildirənlər də var.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirdi ki, bu müzakirələr ölkədə iqtisadi aktivliyin mövcud səviyyəsi fonunda gündəmə gəlib.
Onun sözlərinə görə, inflyasiya, manatın alıcılıq qabiliyyəti və iqtisadi aktivliyin arzuolunan səviyyədə olmaması bəzi insanlarda daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı təsəvvür yaratsa da, reallıq fərqlidir:
"İstər inflyasiya səviyyəsi, istər manatın alıcılıq qabiliyyəti, istərsə də iqtisadi aktivliyin arzuolunan səviyyədə olmaması belə bir təsəvvür yaradır ki, daşınmaz əmlak qiymətlərində azalmalar baş verə bilər. Amma qiymətlərdəki artım qeyd olunan amillərlə bağlı deyil. Bu, tikinti materiallarının bahalaşması, işçi qüvvəsinin əməkhaqlarının artması, tikinti prosesində bir kvadratmetr mənzilin maya dəyərinin yüksəlməsi, eyni zamanda daşınmaz əmlak bazarının investisiya baxımından cəlbedici olması ilə əlaqədardır. Dünyada da daşınmaz əmlakın qiymətləri artır və insanlar pandemiyadan sonra aktiv biznesdənsə, passiv gəlir əldə etmək imkanlarına daha çox üstünlük verirlər.
Daşınmaz əmlak ikiqat gəlir əldə etmək imkanı yaratdığı üçün həm vətəndaşlar, həm də sahibkarlar bu sahəyə daha çox yatırım edirlər. Bu, hər il dəyəri artan depozit xarakterli investisiya istiqamətidir. Vətəndaş öz kapitalını bu sahəyə yönəltdikdə, növbəti il həmin əmlakın qiyməti 10-15 faiz, bəzi hallarda isə 20 faizədək arta bilir. Bundan əlavə, əmlak icarəyə verildikdə əlavə gəlir də əldə olunur. Hazırda həm kapitalın dəyər qazanmasına, həm də davamlı gəlir əldə etməyə imkan verən, üstəlik, təhlükəsiz hesab olunan başqa investisiya istiqaməti demək olar ki, yoxdur. Bu baxımdan daşınmaz əmlak qiymətlərində hər hansı azalmanın olacağını gözləmirik".
Həmsöhbətimiz qeyd etdi ki, paytaxtda həyata keçirilən şəhərsalma layihələri də qiymətlərin azalacağı ehtimalını zəiflədir:
"Hazırda Bakı şəhərinin 2040-cı ilədək Baş planı çərçivəsində genişmiqyaslı layihələr icra olunur. Qəzalı və istismar müddəti başa çatmış binalar sökülür, onların yerində yeni yaşayış binaları inşa edilir, abadlıq işləri aparılır. Küçə və prospektlər yenidən planlaşdırılır, yeni qeyri-yaşayış sahələri, piyada zonaları və ictimai məkanlar yaradılır. İqtisadi baxımdan cəlbedici ərazilər formalaşdırılır. Belə layihələrin həyata keçirildiyi bir şəhərdə daşınmaz əmlak qiymətlərinin azalacağını düşünmək doğru yanaşma deyil.
Müzakirə mövzusu yalnız artım tempinin necə dəyişəcəyi ola bilər. İndiyədək mənzil qiymətləri hər il orta hesabla 15-20 faiz artıb, son beş ildə isə ümumi artım təxminən 80-85 faiz təşkil edib. Qarşıdakı dövrdə artım tempində müəyyən azalma mümkündür, lakin qiymətlər yenə də yüksələcək. Gələcəkdə iri yaşayış kompleksləri və yeni layihələr həyata keçirildikcə, həmin ərazilərdə qiymətlər yenidən daha yüksək templə arta bilər.
Makroiqtisadi göstəricilər, bazarın inkişaf dinamikası və daşınmaz əmlak sektorunun xüsusiyyətləri onu deməyə əsas verir ki, qiymətlərin enməsi real görünmür. Bazara əmlak çıxaran vətəndaş da anlayır ki, iki il əvvəl 100 min manata satmaq istədiyi mənzili bu gün ən azı 150 min manata təklif etməlidir ki, dəyər itkisinə məruz qalmasın. İnflyasiya, manatın alıcılıq qabiliyyəti və digər iqtisadi amillər satıcıları qiymətləri artırmağa sövq edir".
V.Orucun sözlərinə görə, "qiymət artımı tədricən aşağı düşəcək" ifadəsini qiymətlərin azalacağı kimi başa düşmək düzgün deyil:
"Söhbət yalnız artım tempinin nisbətən zəifləməsindən gedir. Bu proses daha çox 2026-cı ilin sonu və 2027-ci ildə özünü göstərə bilər. Həmin dövrdə qiymət artımı daha çox seçilmiş ərazilərdə müşahidə olunacaq. Böyük qiymət artımı bumu yaşanmasa da, ümumi artım tendensiyası davam edəcək. Yəni qiymətlərin azalmasından söhbət gedə bilməz.
Qarşıda avqust və sentyabr ayları gəlir. Tələbələrin kirayə mənzil bazarına üz tutması nəticəsində kirayə qiymətlərində ənənəvi artım müşahidə olunacaq. Kirayə bazarındakı bahalaşma isə mənzil satış bazarının da aktivləşməsinə və satış qiymətlərinin yüksəlməsinə təsir göstərəcək. Buna görə də qarşıdakı dövrü artım dövrü hesab edirəm".
Aytəkin TOFİQQIZI












