Kartdan-karta köçürmələrlə bağlı yeni TƏKLİF: Bu şəxslərə limit qoyulmasın

 11:05 03.08.2026     787

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Qeyd olunur ki, yenilik fırıldaq hallarının azaldılmasına, eyni zamanda vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, kartdan-karta limitlərin tətbiq olunmasının bir sıra məqsədləri var.

Onun sözlərinə görə, kartdan-karta ödənişlər bəzi hallarda sahibkarların vergidən yayınmasına gətirib çıxarırdı:

"Yəni vətəndaş və ya istehlakçı hər hansı bir məhsul və xidməti alıb istifadə edirdi və onun ödənişini kartdan-karta ödəniş vasitəsilə həyata keçirirdi. Çünki bəzi hallarda kartla ödəniş etmək istəyən zaman POS-terminalın işləməməsi qeyd olunurdu və ya bəhanə gətirilirdi. Nəticədə vətəndaşa təklif olunurdu ki, kartdan-karta ödəniş edilsin. Bu da təbii ki, vergidən yayınmaya səbəb olurdu. Məqsəd, təbii ki, vergidən yayınma hallarının minimallaşdırılması və bu istiqamətdə nəzarətin gücləndirilməsidir.

Eyni zamanda dələduzluq hallarının qarşısının alınması da siyahıya aiddir. Çünki təcrübə və monitorinq göstərir ki, bütövlükdə, xüsusən də haker hücumlarının əsasında vəsaitin bir kartdan digər karta ödənişləri həyata keçirilir. Nəticədə vətəndaşın kartından pulun oğurlanması halı baş verir. Ona görə də məqsəd həm də limitləşdirmə vasitəsilə bu halların qarşısını almaq və bütövlükdə maliyyə təhlükəsizliyini gücləndirməkdən ibarətdir.

Nəzərə alsaq ki, burada aylıq limit 20 min manatdır və praktiki olaraq aylıq limit orta aylıq əməkhaqqından 20 dəfə çoxdur. Əslində limit kiçik deyil. Bu o deməkdir ki, vətəndaşlarımızın əksəriyyəti kartdan-karta ödəniş zamanı bu limitlər çərçivəsində ödənişlər həyata keçirə biləcəklər".

Millət vəkili məsələ ilə bağlı təklifini də səsləndirdi:

"Bütün bunlarla yanaşı, biz təklif edirik ki, birinci dərəcəli yaxın qohumlar üçün bu limitlər tətbiq olunmasın. Çünki bəzi hallarda birinci dərəcəli yaxın qohumlar bir-birinə kartdan-karta vasitəsilə ödəniş etmək istəyirlər. Bəzi hallarda bu ödəniş məbləği fərqli səbəblərdən çox ola bilir. Ona görə də birinci dərəcəli qohumlar üçün belə limitlərin, eləcə də gündəlik əməliyyat sayı limitlərinin tətbiq olunmaması daha məqsədəuyğundur. Çünki bir tərəfdən birinci dərəcəli qohumlar arasında praktiki olaraq vergidən yayınma halları demək olar ki, baş vermir. İkinci tərəfdən, bu birinci dərəcəli qohumlar arasında olduğuna görə, bu əməliyyatların təhlükəsizlik baxımından digər əməliyyatlarla müqayisədə, təbii ki, çağırışları və ya riskləri xeyli azdır. Amma bütün hallarda məqsəd həm təhlükəsizliyi gücləndirmək, həm də vergidən yayınma hallarının qarşısını almaq, dələduzluqla mübarizəni daha da aktivləşdirməkdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən