Kartdan-karta köçürmələrə limit: Yardım toplamaq istəyənlər nə edəcək? - AÇIQLAMA 

 12:08 03.08.2026     501

Xəbər verdiyimiz kimi, avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür.

Bu zaman başqa bir məsələ də gündəmə gəlir: Bir çox hallarda xəstələrin müalicəsi üçün yardım kampaniyaları keçirilir və insanlar həmin şəxslərə kartdan-karta köçürmə yolu ilə maddi dəstək göstərirlər.

Bəs bu cür yardım kampaniyaları necə tənzimlənəcək və ya tənzimlənməlidir?

Redaktor.az-a danışan iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, yeniliyin səbəbi ondan ibarətdir ki, kartdan-karta köçürmələr ümumiyyətlə dayandırılsın:

"Kartdan-karta köçürmələr vergidən yayınan ticarət məkanları ilə mübarizə dövriyyəsinə çevrilib. Şəxs ticarət məkanında nəyisə alanda nağdsız ödəniş etmək istəyir, satıcı, ticarətçi POS-terminal təklif etmək əvəzinə deyir: “Kartdan-karta köçürün”.

Bununla bağlı qanunvericilikdə yetərincə tələblər var və cərimələr nəzərdə tutulur. Ancaq buna baxmayaraq, bu prosedurlar yenə də davam edir. Belə bir limit qoymaqla hal-hazırda bu problemlərin aradan qaldırılması istiqamətində bir addım atılacaq. Bu, nə dərəcədə effektiv olacaq, bunu zaman göstərəcək. Çünki görünən odur ki, qanunvericilikdə tələblər dəyişdikcə gizli iqtisadiyyat da öz işini görməkdədir".

Müsahibimiz vurğuladı ki, kartdan-karta köçürmə dəbə indi düşüb:

Fuad İbrahimov: “Ailələrə uşaqpulu verilməlidir” - MÜSAHİBƏ

"Xəstə adı ilə yardım toplayanlar arasında həqiqətən xəstə olan insanlar da var. O xəstələrə Allahdan şəfa diləyirik. Ancaq dələduz əməllərini də həyata keçirən kifayət qədər ordu var. Bu nöqteyi-nəzərdən alternativ variant bankda hesab açmaqla, o bank hesabının kodunu verməklə istənilən POS-terminaldan, yaxud istənilən banka yaxınlaşmaqla pulu kart hesabına köçürmək olar. Düşünürəm ki, vətəndaş əgər həqiqətən kiməsə yardım etmək istəyirsə, istənilən bank şöbəsinə daxil olmaqla və yaxud küçədəki POS-terminallarda hesabın nömrəsini qeyd etməklə o pulu ora köçürə bilər.

Amma burada tənbəllik amili də var. Evdən oturub sosial şəbəkədə kömək istəyənlərə kömək etmək məsələsindən bir az kənarlaşmaq lazım olacaq. Kömək etmək istəyən gərək özünə zəhmət versin. Kömək etmək istəyən və köməyi qəbul etmək istəyən artıq kart nömrəsini yox, hesab nömrəsini verəcək.

Birincisi, hesab nömrəsini verəndə o, bir məsuliyyət daşıyacaq. Özündə bir məsuliyyət hissi olacaq. Əgər bu, yalan bir elan verirsə, əlbəttə ki, buna görə məsuliyyətə gedəcək. Yox, əgər həqiqətən kömək istəyirsə ictimaiyyətdən, insanlardan, onda hesab nömrəsini verəcək".

İqtisadçı bildirdi ki, günü-gündən rahatlaşan bu xidmətlərdən vətəndaş istifadə etdikcə tənbəllik də formalaşır:

"Bazara gedən yoxdur. Halbuki topdan yerlər var, 30%, 40%, 50% bəzi hallarda ucuz olur. Amma vətəndaş tənbəlliyindən ora getmir. Amma keçmişdə atalarımız səhər bizi götürərdi və evdən kifayət qədər uzaq olan yerlərə gedərdik. Bazarlıq da kifayət qədər əlverişli olardı".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən