AQTA-nın yeni qaydası qiymətləri artıracaq? - İqtisadçı CAVABLADI
Bazarlarda alıcıların ən çox üstünlük verdiyi mallardan biri də süd məhsullarıdır. Lakin bu məhsulların mənşəyi, istehsal yeri, eləcə də son istifadə tarixlərinin məlum olmaması istehlakçılar arasında suallar yaradır.
Məhz bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ağartı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlayıb. İlkin olaraq Bakının "Yaşıl bazar"ında tətbiq edilən bu prosesin növbəti mərhələdə paytaxtın digər bazarlarını və regionları da əhatə etməsi nəzərdə tutulub. Yeni qaydalara əsasən, etiketlərdə məhsulun istehsalçısı, mənşəyi və yararlılıq müddəti kimi vacib məlumatlar öz əksini tapacaq.
Bəs etiketlənmə bazardakı qiymətlərə necə təsir edəcək?
Redaktor.az-a danışan iqtisadçı, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov bildirdi ki, xüsusilə tez xarab olan ağartı və süd məhsullarının mənşəyi, istehsal yeri, istehsal və son istifadə tarixi, qablaşdırılması və digər məlumatların istehlakçıya təqdim edilməsi vacibdir:
"Hazırda bazarlarda satılan bir çox məhsulda bu məlumatlar yer almır ki, bu da qida təhlükəsizliyi baxımından arzuolunan hal deyil. Bu baxımdan məhsulların mütləq qaydada etiketlənməsinin tərəfdarı olmalıyıq. Qida Təhlükəsizliyi Agentliyinin başlatdığı bu prosesin əlavə xərclərə səbəb olub-olmamasına gəldikdə isə, müəyyən əlavə xərclərin yaranacağı istisna deyil. Lakin burada əsas məsələ bu mexanizmin düzgün qurulmasıdır. Sistem elə təşkil edilməlidir ki, etiketlənmə prosesi sadəcə formal xarakter daşımayaraq "standarta uyğundur" və ya "məhsulun mənşəyi bəllidir" kimi tələblərin kağız üzərində yerinə yetirilməsi ilə məhdudlaşmasın. Əsas məqsəd bu tələblərin real şəkildə təmin olunmasıdır. Digər tərəfdən, Qida Təhlükəsizliyi Agentliyinin oxşar təşəbbüslərinin tətbiqində müşahidə olunan bəzi neqativ hallar da nəzərə alınmalıdır. Bu problemlər daha çox birbaşa agentliyin fəaliyyəti ilə deyil, yerlərdə tətbiq mexanizmi, təsdiq və sənədləşmə prosesində yaranan neqativ hallarla bağlı olur. Belə halların mövcudluğu da əlavə xərclərin və dolayısı ilə qiymət artımının yaranmasına səbəb ola bilər".
Müsahibimiz qeyd etdi ki, məsələyə yalnız bir aspektdən yanaşmaq düzgün olmaz:
"Bu sistemin necə tətbiq ediləcəyi, hansı mexanizmlə işləyəcəyi və həmin mexanizmin necə səmərəli qurulacağı əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir. Məqsəd elə bir mexanizm formalaşdırmaq olmalıdır ki, həm istehlakçının hüquqları qorunsun, məhsullar qida təhlükəsizliyi standartlarına cavab versin, həm də istehsalçılar üçün ciddi əlavə maliyyə yükü və inzibati maneələr yaranmasın. Aydındır ki, keçid dövründə istehsalçılar üçün müəyyən çətinliklər olacaq. Çünki indiyədək belə bir sistem tətbiq edilmədiyinə görə məhsulu birbaşa satışa çıxarmaq daha asan idi. Lakin qida təhlükəsizliyi baxımından mövcud tələblərin nəzərə alınması və onların icrası vacibdir".
Xədicə BAXIŞLI












