Biləsuvar gömrüyünün 24 saatlıq rejimi sahibkarlara nə vəd edir? - Deputat DANIŞDI
İran və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi Biləsuvar gömrük-keçid məntəqəsinin sutkanın 24 saat fəaliyyət göstərməsi məsələsi müzakirə olunur. İran rəsmilərinin sözlərinə görə, bu addım sərhədkeçmə prosesinin sürətləndirilməsinə, yükdaşımaların daha operativ həyata keçirilməsinə və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
Bəs Biləsuvar gömrüyünün 24 saat fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatına və iki ölkə arasında ticarət əlaqələrinə hansı real təsirləri göstərə bilər? Bu qərar yerli sahibkarlar, ixracatçılar və tranzit-logistika sektoru üçün hansı yeni imkanlar yaradacaq?
Redaktor.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov bildirdi ki, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və gömrük prosedurlarının sürətləndirilməsi iki ölkə arasında ticarət əlaqələrinə birbaşa müsbət təsir göstərəcək:
"Bu, həm Azərbaycan, həm də İran sahibkarları üçün idxal və ixrac əməliyyatlarını genişləndirmək baxımından daha əlverişli şərait yaradacaq. Ümumilikdə, İran və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması hər iki qonşu ölkə üçün iqtisadi baxımdan əsas prioritet istiqamətlərdən biridir. Qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlığın inkişafı da bu prosesə birbaşa müsbət təsir göstərir. Eyni zamanda, regionda sülh və əməkdaşlığın genişlənməsi, xüsusilə də İranla bağlı hərbi qarşıdurmanın başa çatması iki ölkə arasındakı ticarət əlaqələrinin daha da inkişafına təkan verə bilər. Azərbaycan və İran nəqliyyat sahəsində də əməkdaşlıq edirlər. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycan mühüm töhfələr verir. Bu baxımdan qəbul edilən qərarlar Azərbaycan sahibkarları üçün həm ixrac, həm də idxal baxımından yeni imkanlar yaradır və bütövlükdə iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək".
Xədicə BAXIŞLI













