"Əməliyyat üçün yardım toplayanlara fərdi yanaşma mümkündür" - Bank eksperti
Azərbaycanda avqustun 1-dən bank kartları üzrə kartdan-karta köçürmələrə yeni limitlərin tətbiqinə başlanılıb. Yeni qaydalar cəmiyyətdə müxtəlif müzakirələrə və narazılıqlara səbəb olub. Xüsusilə də müalicə və əməliyyat xərclərini qarşılamaq üçün bank kartları vasitəsilə ianə toplayan vətəndaşlar bu məhdudiyyətlərin onlara əlavə çətinlik yarada biləcəyini düşünürlər.
Bəs tətbiq olunan yeni limitlər yardım kampaniyalarına necə təsir göstərə bilər? Bu kimi hallarda belə şəxslər üçün ayrıca status müəyyən edilə bilərmi ki, onların kartlarında bu məhdudiyyət tətbiq olunmasın?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirdi ki, burada fərdi yanaşma mümkündür:

"Əgər şəxs banka müraciət edib həqiqətən ağır xəstə olduğunu, əməliyyat üçün vəsait topladığını rəsmi sənədlərlə təsdiqləyə bilsə, məsələn, tibbi arayış, əməliyyatın xərcləri ilə bağlı sənədləri təqdim etsə, bank onun müraciətinə fərdi qaydada baxa bilər. Çünki qeyd olunduğu kimi, altıncı və sonrakı əməliyyatlarla bağlı istisnalar tətbiq edilə bilər. Araşdırma nəticəsində məlum olsa ki, burada kommersiya məqsədi yoxdur, hesab edirəm ki, həmin halların müəyyən şərtlərlə, o cümlədən komissiya tətbiqi və ya digər mexanizmlərlə tənzimlənməsi mümkündür".
NURİYYƏ













