Kartdan-karta pul köçürənlərin NƏZƏRİNƏ - 5-ci əməliyyatdan sonra neçə faiz komissiya tutulacaq?
"Burada yanaşma belədir ki, məsələn, ailə başçısının dörd övladı var. Deyək ki, onlardan biri Gəncədə, biri Xankəndidə, digəri isə Sumqayıtda təhsil alır. Belə olan halda, həmin şəxs gün ərzində beşdən artıq köçürmə əməliyyatı aparmaq məcburiyyətində qala bilər. Yəni hər övladına yolpulu köçürür. Ümumiyyətlə, beşdən artıq əməliyyat aparmaq zərurəti yaranarsa, artıq bu hal müəyyən edilmiş qaydaların tələbləri çərçivəsində risk göstəricisi hesab olunur".
Bu barədə Redaktor.az-a açıqlamasında bank eksperti Emin Kərimov bildirdi.
O əlavə etdi ki, bankların hazırda da əməliyyatların təhlili, onlara nəzarət və monitorinqi ilə məşğul olan daxili nəzarət şöbələri və departamentləri fəaliyyət göstərir:
"Onlar bu əməliyyatları mütəmadi təhlil edə bilərlər. Tutaq ki, bu gün altıncı əməliyyatı həyata keçirməlisiniz. Banka müraciət edirsiniz, bank da araşdırma aparır və müəyyən edir ki, bu, sizin gündəlik və ya aylıq maliyyə dövriyyənizə uyğun olan adi əməliyyatdır. Belə olduğu halda həmin əməliyyatın həyata keçirilməsinə icazə verilə bilər.
Bu zaman altıncı, yeddinci və ya səkkizinci əməliyyat üzrə istisna tətbiq edilə bilər. Çünki araşdırma zamanı məlum olur ki, siz bu qaydalar qüvvəyə minməzdən əvvəl də eyni əməliyyatları mütəmadi həyata keçirmisiniz.
Başqa bir hal da var. Tutaq ki, siz fərdi sahibkarsınız, məhəllədə market işlədirsiniz və POS-terminal quraşdırmamısınız və ya hər hansı səbəbdən ondan istifadə etmirsiniz. Müştərilər də aldıqları çörəyin, ərzağın və digər məhsulların pulunu sizə kartdan-karta köçürmə yolu ilə ödəyirlər. Bu isə qanun pozuntusu və vergidən yayınma halıdır. Məhz belə əməliyyatlar həmin qaydaların təsir dairəsinə düşür. Yəni ümumi məğz bundan ibarətdir".

Müsahibimiz tutulan komissiya miqdarından da bəhs etdi:
"Komissiya bankların qeyri-faiz gəlirlərində mühüm yer tutan gəlir mənbələrindən biridir. Amma onun minimal və ya maksimal həddini bazar müəyyən edir. Komissiyanın tətbiqi nə banklardan, nə də Mərkəzi Bankdan birbaşa asılı olan məsələdir. Bunu bazar tənzimləyir. Müştərinin tələbi, dövriyyənin həcmi və dövriyyə sürətindən asılı olaraq komissiyalar dəyişə bilər.
Praktikada adətən komissiya 0,1 faizdən 1 faizə qədər olur. Məsələn, minimal komissiya məbləği 1 manat müəyyən edilərsə, 100 manatdan aşağı əməliyyatlarda standart olaraq 1 manat komissiya tutula bilər. Bu artıq bankın yanaşmasından asılıdır və istisna hallarda tətbiq edilə bilər.
Amma mən qaydalarda və həmin çıxışda komissiya ilə bağlı konkret müddəaya rast gəlmədim. Ola bilsin ki, diqqətimdən yayınsın".
NURİYYƏ













