"Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə enerji məhsullarını digər ölkələrə nəql edə biləcək" - Deputat

 09:31 12.08.2026     570

"Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı qeyd etdiyi məqamlardan biri də məhz Azərbaycanın enerji ixracatının, ixracat coğrafiyasının genişləndirilməsi ilə bağlı idi. Söhbət, təbii ki, daha çox Avropa İttifaqına yaşıl enerjinin ixracatından gedir. Artıq Azərbaycan, Gürcüstan, eyni zamanda Avropa İttifaqı yaşıl enerjinin ixracatı ilə bağlı anlaşma imzalayıblar. Həmin anlaşmaya əsasən, Azərbaycan və Gürcüstanın yaşıl enerjisi Qara dəniz vasitəsilə Avropa bazarına çıxacaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana ötən gün etdikləri səfərdən danışarkən bildirdi.

"Nəzərə alsaq ki, Zəngəzur dəhlizi yalnız yüklərin daşınması deyil, eyni zamanda elektrik enerjisinin ixracı, nəqli üçün də istifadə olunacaq, o deməkdir ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə də öz enerji məhsullarını Naxçıvan Muxtar Respublikasına, eləcə də Naxçıvan vasitəsilə artıq digər ölkələrə nəql edə biləcək. Bu da, təbii ki, Azərbaycanın artıq Avropa və bütövlükdə region bazarına elektrik enerjisi ilə daha geniş şəkildə daxil olması anlamına gəlir. Eyni zamanda, təbii ki, Azərbaycanın birbaşa şəkildə enerji satışından əldə etdiyi valyuta həcmini artıracaq".

Onun sözlərinə görə, elektrik enerjisi ixracatı digər tərəfdən Azərbaycan üçün təbii qaza qənaət edilməsi və daha çox təbii qazın ixracatı, ölkəyə daha çox valyutanın daxil olması da deməkdir:

"Çünki alternativ mənbələrdən enerji hasilatı və ixracatı eyni zamanda, təbii ki, Azərbaycan üçün daha çox təbii qaz ixracatına imkan verəcək ki, bu da, sözsüz ki, dövlət gəlirlərimizin artmasına imkan yaradacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən