"Ermənistan məhsullarının bazarda yer tutması tədarük imkanlarından asılı olacaq" - Aydın Hüseynov

 17:21 13.08.2026     500

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir.

Milli Məclisin deputatı Aydın Hüseynov Redaktor.az-a danışarkən qeyd etdi ki, bu açıqlama iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələyə keçə biləcəyini göstərir.

"Erməni tərəfinin açıqlamalarına görə, Azərbaycan şirkətləri alüminium folqa, onun istehsalı üçün xammal və ferromolibden kimi məhsullara maraq göstərib. Siyahıda tekstil məhsulları, siqaret, bəzi heyvandarlıq məhsulları və konyak istehsalında istifadə olunan xammal da var. Ermənistan isə Azərbaycan bazarına pomidor, bibər, gül və digər istixana məhsulları çıxarmaqda maraqlıdır".

Millət vəkilinin fikrincə, ilk mərhələdə kənd təsərrüfatı məhsullarının ixracı daha real görünür:

"Ermənistan bu məhsulları artıq istehsal edir. Lakin Azərbaycan özü də tərəvəz və gül məhsullarının istehsalçısıdır. Buna görə Ermənistan məhsullarının bazarda yer tutması əsasən qiymət, keyfiyyət və tədarük imkanlarından asılı olacaq.

Sənaye məhsulları üzrə əməkdaşlıq isə daha maraqlı perspektiv yarada bilər. Ferromolibden və alüminium məhsulları konkret müəssisələrin istehsal ehtiyacları ilə bağlıdır. Bu sahədə ticarət formalaşarsa, söhbət təsadüfi satışdan deyil, şirkətlər arasında davamlı təchizat əlaqəsindən gedə bilər. İlk tədarüklərin böyük həcmdə olması vacib deyil. Əsas məsələ iki ölkə arasında real kommersiya əlaqəsinin qurulmasıdır. İlk partiyalar bazarın reaksiyasını yoxlamağa imkan verəcək. Tələb yaranarsa, məhsul çeşidi və ixrac həcmi də arta bilər.

Azərbaycan artıq Ermənistana yanacaq ixrac edir. Ermənistandan Azərbaycana məhsul tədarükünün başlaması isə qarşılıqlı ticarətin formalaşmasına yeni imkan açacaq. Burada son sözü bazar deyəcək. Siyasi razılaşmalar ticarət üçün şərait yarada bilər, amma hansı məhsulun və hansı həcmdə satılacağını qiymət, keyfiyyət və tələbat müəyyən edəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən