Ermənistanla ticarətdə hansı məhsullar önə çıxacaq? - Deputat AÇIQLADI

 12:01 14.08.2026     464

"Ermənistanla Azərbaycan arasında artıq ticarət əlaqələrinin bərpası həyata keçirilib. Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edib. Bütövlükdə, məhz Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 17 milyon dollardan artıq yanacaq məhsulları ixrac edib. Eyni zamanda, təbii ki, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu da, əslində, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirdi.

"Sözsüz ki, iki ölkə arasında ilkin qiymətləndirmələr göstərir ki, 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi mümkündür. Bu, illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir. Konkret məhsullara gəldikdə isə, burada həm qida, ərzaq, eyni zamanda sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları var ki, onların Azərbaycan və Ermənistan arasında ixrac olunması mümkündür".

Müsahibimiz bildirdi ki, hər iki ölkə aqrar sektor üzrə ixtisaslaşıb, amma eyni zamanda bəzi sənaye məhsulları var ki, həm Ermənistanda həmin məhsullara tələbat var, həmçinin bəzi məhsullar Ermənistanda istehsal olunur, Azərbaycan tərəfindən həmin məhsulların idxalı mümkündür.

"Ona görə də ticarət əlaqələrinin bərpası istiqamətində aparılan müzakirələrin Azərbaycan-Ermənistan arasında dövriyyənin strukturuna təsir göstərəcəyi gözlənilir. Növbəti dövrlərdə həm Azərbaycandan Ermənistana yalnız yanacaq deyil, digər məhsulların ixracatını, eyni zamanda Ermənistandan da ilk növbədə bir sıra sənaye məhsullarının idxalını müşahidə edə bilərik", - deyə iqtisadçı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən