Ermənistandan Azərbaycana bu məhsullar gətirilə bilər - AÇIQLAMA
Məlumat verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək.
İqtisadçı Fuad İbrahimov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatına aid məhsulların müəyyən qədər Ermənistandan Azərbaycana ixracı mümkün ola bilər.
Onun sözlərinə görə, hələ Sovetlər dövründə zərgərlik sahəsi üzrə Ermənistan digər respublikalara baxanda kifayət qədər təcrübəsi olan bir ölkə idi:
"Hesab edirəm ki, Ermənistandan ixrac yönümlü müəyyən ləl-cəvahiratların xammal şəklində ölkəmizə ixracı mümkün ola bilər. Dediyimiz kimi, kənd təsərrüfatı sektoru üzrə və eyni zamanda da kənd təsərrüfatının emal səviyyəsində, misal üçün, konservləşdirilmiş məhsulların da ixracı mümkündür. Eyni zamanda son dövrlərdə onlarda süni intellekt istiqamətində kifayət qədər işlər görülüb. Düşünürəm, bu sektorda da əməkdaşlıq mümkün ola bilər".
Müsahibimizin fikirncə, ehtiyac olduqca bəzi məhsulları Türkiyədən, İrandan ixrac etdiyimiz üçün Ermənistan ixracatçıları rəqabətyönümlülükdə bir az əziyyət çəkəcəklər, amma hər bir halda, bax, bu istiqamətlərdə bizim əməkdaşlığımız mümkün ola bilər:
"Bunu konkret zaman və məkan çərçivəsində biz görəcəyik ki, nə dərəcədə bu məhsullar Azərbaycan bazarına girə biləcək və burada öz iqtisadi dövriyyəsini tapa biləcək. Amma hər bir halda Sovetlər dövründən qalan müəyyən konyak brendi, zərgərlik ilə bağlı ola biləcək müəyyən işlər, daha sonra, bir neçə balıq növləri var, forel — onları xüsusi olaraq öz göllərində yetişdirirlər, bu da mümkündür. Hər bir halda konkret zaman və məkan çərçivəsində biz bunu izləməli olacağıq".
Aytəkin TOFİQQIZI













