Ermənistan malları Azərbaycan bazarına yol tapacaq? - Ekspert DANIŞDI
"Ermənistandan Azərbaycana ixrac oluna biləcək məhsullar əsasən kənd təsərrüfatına aid emal edilməmiş və emal olunmuş qida məhsulları ola bilər".
Bunu Redaktor.az-a Ermənistandan Azərbaycana ixrac oluna bilən məhsullardan danışan iqtisadçı Pərviz Heydərov bildirdi.
Ekspert əlavə etdi ki, bu məhsul qruplarının Azərbaycanda da yerli istehsalı var:
"Həmin məhsullar Azərbaycana ixrac olunaraq yalnız daha ucuz qiymət şəraitində bazara daxil ola bilər. Bu mənada, ilk növbədə Ermənistandan adını çəkdiyim növ malların Azərbaycana ixrac edilə biləcəyini düşünürəm. Bundan başqa, Ermənistanla əsas etibarilə sənaye sahəsində qarşılıqlı əlaqələr də qurula bilər. Müəyyən sənaye mallarının və məhsullarının Ermənistandan Azərbaycana ixracı meylinin də mümkün olduğunu hiss etmək olar.
İndi bu barədə danışmaq üçün hələ tezdir. Amma əsas odur ki, Azərbaycanın bu ölkəyə hələlik neft məhsulları daşınır, satılır və ixrac edilir. Yaxın gələcəkdə elektrik enerjisi üzrə də qarşılıqlı mübadilənin ortaya çıxacağını düşünmək olar. Ona görə də Paşinyanın bu açıqlaması yaxın perespektiv üçün söylənən fikir kimi qiymətləndirilə bilər. Bu, iki ölkə arasında danışıqların, iqtisadi-ticari əlaqələrin inkişaf tempindən və inkişaf səviyyəsindən asılıdır. Amma son olaraq bir daha deyim ki, hər üç Cənubi Qafqaz ölkəsinin bir-birinə qarşılıqlı şəkildə mal və məhsul ixrac etmək imkanları var. Regionda sülh davamlı, yəni daimi xarakter daşıyarsa, bu qarşılıqlı ticarət əlaqələri bütün region üçün böyük mənfəət və səmərə ilə nəticələnə bilər".
NURİYYƏ













