Azərbaycanda və Özbəkistanda yeni iş yerləri yaranacaq - Deputat DANIŞDI
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə layihələrin icrasına start verilib. Layihələr bank sektoru, tikinti materiallarının istehsalı, turizm, yaşayış komplekslərinin tikintisi, mineral xammalın emalı və bağçılıq kimi müxtəlif sahələri əhatə edir. Bu layihələrin qarşılıqlı investisiyaların artırılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyi gözlənilir.
Bəs bu layihələr Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərində hansı yeni imkanlar yarada bilər və gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha çox hansı sahələrdə genişlənməsi mümkündür?
Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və Özbəkistan müştərək işlərin, birgə layihələrin reallaşmasına imkan yaradıb:
"Nəzərə alsaq ki, İlham Əliyevin səfəri zamanı həm kifayət qədər vacib anlaşmalar, həmdə "Əbədi Dostluq" müqaviləsi imzalandı və bütün bunlar iki ölkə arasında birgə layihələrin reallaşması və birgə investisiya qoyuluşlarının həyata keçirilməsi prosesini daha da sürətləndirəcək. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti artıq 15-ə yaxın investisiya layihəsini maliyyələşdirib. Bu istiqamətdə 350 milyon manatdan artıq vəsaitin ayrılması reallaşıb və bütün bunlar, təbii ki, nəticə etibarilə, bir tərəfdən Özbəkistanda və Azərbaycanda yeni iş yerlərinin yaradılmasına xidmət edir, eyni zamanda, ölkə iqtisadiyyatlarının dəstəklənməsi və dayanıqlı iqtisadi artımın təşviq edilməsinə də şərait yaradır".
Millət vəkili əlavə etdi ki, birmənalı şəkildə birgə layihələr, yeni investisiya qoyuluşları hər iki ölkədə məşğulluğun təmin edilməsinə müsbət təsir göstərəcək:
"Bu həm Azərbaycan, həm də Özbəkistan iqtisadiyyatına xüsusi töhfədir. Eyni zamanda, təbii ki, bunu da xüsusən nəzərə almaq lazımdır ki, ticarət əlaqələrinin genişləndirilməsinə və ümumi xarici ticarət dövriyyəsinin 1 milyard dollara qədər artırılmasına zəmin yaradacaq. Bu baxımdan, prezidentin səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açacaq", - deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI













