Baş nazirdən dövlət büdcəsi ilə bağlı yeni QƏRAR

 20:26 21.09.2026     158

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət büdcəsi xərclərinin funksional və inzibati təsnifatının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada təsdiqlənib.

Qərarın qəbul edilməsində məqsəd dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi və vahid büdcə təsnifatının təkmilləşdirilməsidir.

Yeni qaydalara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bununla yanaşı, yeni təsnifatın tətbiqinə əvvəlcədən başlanılacaq. Maliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə 2027-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişlər əsasında yeni təsnifatın test rejimində tətbiqi üçün zəruri tədbirlər görəcək.

Qərarın 1-ci hissəsi, yəni büdcə xərclərinin yeni funksional və inzibati təsnifatının tətbiqi 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qərar 21 sentyabr 2026-cı ildə imzalanıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən