Azərbaycanda 5 mindən çox iş yeri yaradılacaq - Deputatdan AÇIQLAMA

 12:29 23.09.2026     119

""Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sənaye mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müəyyən edilmiş strateji hədəflər mineral resursların iqtisadi dövriyyəyə cəlb edilməsini hasilatın genişləndirilməsi ilə məhdudlaşdırmır, bu sərvətlər əsasında tam istehsal və emal zəncirinin formalaşdırılmasını qarşıya əsas vəzifə kimi qoyur".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirdi.

Onun sözlərinə görə, geoloji kəşfiyyatın genişləndirilməsi, yeni yataqların istismara hazırlanması, metallurgiya və emal güclərinin artırılması, sənaye infrastrukturlarının yaradılması, investisiya imkanlarının genişləndirilməsi və regionlarda yeni iqtisadi fəaliyyət mərkəzlərinin formalaşdırılması vahid inkişaf xəttinin tərkib hissələridir:

"Bu sistemin iqtisadi mahiyyəti mineral sərvətin hasilat dəyərindən daha böyük sənaye dəyərinin yaradılmasına, xammalın ölkə daxilində daha yüksək emal mərhələlərindən keçirilməsinə və onun məşğulluq, ixrac, büdcə gəlirləri və regional inkişaf üçün uzunmüddətli iqtisadi resursa çevrilməsinə əsaslanır. Beş mindən artıq daimi iş yerinin yaradılması və yeni ixrac imkanlarının formalaşdırılması bu prosesin birbaşa nəticələri sırasında yer alsa da, proqramın strateji çəkisi daha genişdir: Azərbaycan öz mineral bazası üzərində qeyri-neft sənayesinin yeni, kapitaltutumlu və yüksək əlavə dəyər yaradan istehsal istiqamətini formalaşdırır".

Rövşən Muradov qeyd etdi ki, bu siyasətin ikinci mühüm xüsusiyyəti mineral resurslarla regional inkişafın eyni iqtisadi sistem daxilində birləşdirilməsidir:

"Kəlbəcər, Ağdərə və Zəngilanda mövcud qızıl, mis və digər metal ehtiyatlarının, Naxçıvanın geoloji potensialının, Daşkəsən və Balakəndəki iri yataqların mərhələli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin sənaye xəritəsini genişləndirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu prosesin əhəmiyyəti daha böyükdür. Burada mədən istismarı yalnız hasilat müəssisəsinin fəaliyyətə başlaması demək deyil; onun ardınca enerji, yol, logistika, texniki xidmət, mühəndislik, təchizat və emal imkanlarının formalaşması regionda davamlı iqtisadi fəaliyyət üçün baza yaradır. Prezident İlham Əliyevin regionların əvvəlki inkişaf proqramları ilə hazırkı sənaye siyasəti arasında əlaqə yaratması da təsadüfi deyil. Ötən iyirmi ildə yaradılmış enerji, nəqliyyat və sosial infrastruktur indi yeni istehsal mərhələsinin iqtisadi üstünlüyünə çevrilir. Başqa sözlə, əvvəl infrastruktur iqtisadi inkişaf üçün şərait yaradırdısa, yeni mərhələdə həmin infrastruktur böyük sənaye layihələrinin reallaşdırılmasına xidmət edən istehsal aktivinə çevrilir".

Millət vəkili vurğuladı ki, dağ-mədən strategiyasını fərqləndirən əsas məsələlərdən biri də hasilatla metallurgiya arasında iqtisadi əlaqənin gücləndirilməsidir:

"Daşkəsəndə dəmir filizinin çıxarılması ilə prosesin başa çatmaması, zənginləşdirmə, pelet və isti briketləşdirilmiş dəmir istehsalının nəzərdə tutulması bunun ən aydın nümunəsidir. Eyni yanaşma alüminium, mis, qızıl və digər metal istiqamətlərində də görünür. Belə modeldə ölkə yalnız mineral ehtiyatın sahibi deyil, onun emalından yaranan sənaye gəlirinin də əsas benefisiarına çevrilir. Qərb Sənaye Parkının məhz bu sahənin inkişafı ilə əlaqələndirilməsi isə ayrıca müəssisələrdən daha geniş sənaye klasterinə keçidin əsasını qoyur. Burada mühüm iqtisadi məqam ondan ibarətdir ki, bir iri metallurgiya layihəsinin yaratdığı dəyər yalnız zavodun öz gəliri ilə ölçülmür. Onun ətrafında yaranan yerli podrat, nəqliyyat, avadanlıq, texniki xidmət və digər istehsal əlaqələri həmin investisiyanın iqtisadiyyatda yaratdığı təsiri dəfələrlə genişləndirə bilər. Buna görə proqramın real nəticəsi təkcə daha çox metal istehsalı deyil, yeni sənaye əlaqələrinin yaranması və qeyri-neft sektorunun daha mürəkkəb istehsal strukturuna keçməsidir".

Deputatın sözlərinə görə, dövlət başçısının müşavirədə xüsusi vurğuladığı digər xətt isə bu inkişafın hansı prinsiplərlə həyata keçirilməsidir.

"Dağ-mədən və metallurgiya yüksək kapital tələb edən sahə olduğundan dövlət maliyyəsi ilə yanaşı dövlət şirkətlərinin, yerli və xarici investorların, kredit və digər maliyyə mənbələrinin iştirakına açıq model formalaşdırılır. Lakin investisiyanın cəlb edilməsi təbii sərvətin nəzarətsiz istismarı anlamına gəlmir. Dövlətin müəyyən etdiyi hüquqi çərçivə, müasir geoloji məlumat bazası, iqtisadi səmərəlilik və ən yüksək ekoloji standartlar eyni siyasətin ayrılmaz elementləri kimi çıxış edir. Prezidentin “əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” məzmunundakı fikri də iqtisadi inkişafla ekoloji məsuliyyət arasında sərhədi aydın müəyyənləşdirir. Nəticədə qarşıya qoyulan məqsəd daha çox filiz çıxarmaqdan ibarət deyil. Azərbaycan mineral ehtiyatını geoloji sərvətdən investisiya aktivinə, investisiya aktivindən sənaye məhsuluna, həmin məhsuldan isə məşğulluq, ixrac, regional inkişaf və uzunmüddətli milli gəlir yaradan iqtisadi sistemə çevirməyə çalışır. Yeni Dövlət Proqramının strateji çəkisi də məhz bu bütövlükdə ifadə olunur", - deyə R.Muradov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən