Hökumət dağ-mədən sənayesinin inkişafı üçün ciddi addımlar atmalıdır - Vahid Əhmədovdan AÇIQLAMA

 13:35 23.09.2026     222

Ötən gün Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. Dövlətimizin başçısı bildirib ki, qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. 

Bu gün isə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Redaktor.az-a açıqlamasında iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov Dövlət Proqramını yüksək qiymətləndirdi. O, proqramı “maraqlı və gözəl proqram” kimi xarakterizə etdi:

"Bu gün ümumi daxili məhsulda dağ-mədən və metallurgiya sənayesinin payı hardasa 700 milyon manatdırsa, 2030-cu ilə qədər bunu 1,8 milyard manata çatdırmaq istəyirlər. O cümlədən ixrac potensialı ildə hal-hazırda 1,4 milyard manatdırsa, onu hardasa ildə 3,4 milyard manata çatdırmaq istəyirlər. Əlbəttə, bunlar gözəl rəqəmlərdir. Amma bu gözəl rəqəmlərə çatmaq üçün də investisiya yatırılması lazımdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata görə, 5,3 milyard manat investisiya qoyulmalıdır. Əlbəttə, bu, böyük məbləğdir. Bu investisiyanın mənbələri hələ bilinmir. Ola bilsin ki, dünya maliyyə qurumları ilə bu məsələ ilə bağlı müəyyən razılaşmalar, müəyyən danışıqlar gedir".

Onun sözlərinə görə, digər sənaye sahələrini də artırmağa çox böyük ehtiyac var.

"Xüsusilə Azərbaycan neft və qaz ölkəsi olduğu üçün Azərbaycanda neft-mədən sənayesi üçün lazım olan sənaye avadanlıqlarının istehsalına daha çox diqqət yetirmək lazımdır. Çünki biz xaricdən kifayət qədər böyük avadanlıqlar idxal edirik ki, Azərbaycanın neft sənayesi, qaz sənayesini bu səviyyədə qoruya bilsin.

Ümumiyyətlə, dağ-mədən və metallurgiya sənayesi dünyada diqqət çəkən məqamlardan biridir. Azərbaycanda kifayət qədər bununla əlaqədar təbii ehtiyatlar, filiz yataqları var və s. Bu sahəni inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir.

Amma, əlbəttə, burada gərgin iş tələb olunur. Çünki belə bir səviyyədə böyük bir proqramın qəbul edilməsi və onun investisiya ilə təmin edilməsi, əlbəttə, o qədər də asan məsələ deyil. Müvafiq qurumlar, xüsusən də Azərbaycan hökuməti bu sahədə ciddi addımlar atmalıdır. Prezident İlham Əliyev də sənayenin inkişafı ilə əlaqəli proqrama diqqət edir", - deyə Vahid Əhmədov vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən