Yeni Dövlət Proqramı regionların inkişafına ciddi töhfə verəcək - Ziyad Səmədzadə
"Azərbaycan dövlət başçısı İlham Əliyev fəaliyyətə başladığı ilk gündən Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafı üçün çox mühüm tədbirlər həyata keçirib. 2004-cü ildə respublikanın regionlarının inkişafı proqramının birinci proqramı təsdiq olundu. Bu proqram ona görə meydana gəldi ki, cənab Prezident çıxışlarında qeyd edirdi ki, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün vacib amillərdən biri regionların kompleks inkişafıdır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirdi.
O vurğuladı ki, regionlarımızda əldə edilən nailiyyətlərə baxmayaraq, xüsusən də müstəqilliyin ilk illərində, keçid dövründə çox mühüm problemlər yaranıb:
"Regionların iqtisadiyyatındakı dinamik inkişaf pozulmuşdu. İşsizlik artırdı, infrastruktur layihələri həyata keçirilmirdi. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci proqramın qəbulu zamanı birdəfəlik şəkildə bəyan etdi ki, bu, uzunmüddətli və genişmiqyaslı bir proqram olacaq. Bu proqramların hər biri Azərbaycanda regionların inkişafına öz töhfəsini verəcək. Artıq bir neçə proqram qəbul edildi və bu proqramlar nəticəsində Azərbaycanın regionlarında iri miqyaslı infrastruktur layihələri həyata keçirilib. Bu infrastruktur layihələrinin həyata keçirilməsi isə ölkədə, regionlarda sahibkarlığın inkişafı üçün imkanlar yaradıb, iqtisadi əlaqələrin genişlənməsinə öz müsbət töhfəsini verib. Onu göstərmək kifayətdir ki, Azərbaycanın infrastrukturu, yol tikintisi, enerji təhlükəsizliyinin təmin edilməsi, su problemlərinin həlli istiqamətində atılan addımlar Azərbaycanda sahibkarlığın inkişafı üçün mühüm təkanlar verib. Bəzi xarici ekspertlər deyirdilər ki, infrastruktur layihələrini o qədər də sürətlə həyata keçirmək lazım deyil, amma cənab Prezident çıxışlarının birində göstərdi ki, infrastruktur layihələrini əgər biz həyata keçirməsəydik, bugünkü Azərbaycan iqtisadiyyatı üçün güclü əsaslar yaradıla bilməzdi. Ona görə Prezident bu müşavirədə də çıxışında birmənalı şəkildə qeyd edib ki, infrastruktur layihələrinin yaradılması, regionlarda kompleks inkişaf proqramlarının həyata keçirilməsi artıq bu gün yeni mərhələdə yeni çağırışlar tələb edir, qarşıya qoyulan məsələlərin həllinə müsbət təsirini göstərir. Eyni zamanda Prezident narazılıqla bildirib ki, bəzi hallarda Azərbaycanda mənfi miqrasiya prosesləri gedir. Bu isə regionlara diqqətin daha da artırılmasını zəruri edir".
Millət vəkili diqqətə çatdırdı ki, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən biri regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir:
"Bu proqramın məzmunu ilə, Prezidentin proqramın təsdiqi mərhələsində etdiyi çıxışla tanış olduqda birmənalı şəkildə o nəticəyə gəlirik ki, həqiqətən bu proqramın reallaşması Şəki-Zaqatala, Gəncə iqtisadi rayonunun, Qarabağ iqtisadi rayonunun inkişafına öz layiqli töhfəsini verəcəkdir. Azərbaycan kifayət qədər təbii sərvətlərə malikdir. Sovet dövründə də Daşkəsən filiz yataqlarından və digər yataqlardan istifadə olunub. Lakin onun kompleks şəkildə emalına nail olunmamışdı. Bizdə Sumqayıt Metallurgiya Zavodu vardı, Daşkəsəndən filiz çıxarılırdı, o filiz xammal kimi digər respublikalara göndərilirdi, lakin hazır məhsul kimi bizim payımız o qədər də yüksək deyildi. Cənab Prezidentin çıxışından da, proqramın məzmunundan da görünür ki, ən mühüm məsələ, nailiyyət ondan ibarət olacaq ki, biz qeyri-neft sektorunun emal sənayesini inkişaf etdirəcəyik. Hər bir ölkədə hasilat sənayesi var, eyni zamanda emaledici sənaye var. Biz elə etməliyik ki, emal sənayemizin xüsusi çəkisi artsın. Prezidentin çıxışında, eləcə də İqtisadiyyat Nazirliyinin verdiyi məlumatlardan da görünür ki, emal sənayesi inkişaf edəcək, yeni zavodlar istifadəyə veriləcək, xammalın bütün mərhələlərdə emalı təmin ediləcəkdir. 5 mindən çox yeni iş yeri yaradılacaqdır".
Onun sözlərinə görə, yeni iş yerlərinin yaradılması öz növbəsində kadr hazırlığına diqqət yetirməyi vacib edir:
"Ona görə də bu proqramın hazırlanması və bu proqramın reallaşması bir çox sahələrin inkişafına öz töhfəsini verəcək. Eyni zamanda infrastruktur layihələri yeni mərhələdə inkişaf etdiriləcək. Hesablamalar göstərir ki, hasilata ayrılan vəsaitlərin miqdarı məhsulların emalından və satışından əldə edilən gəlirlərdən qat-qat azdır. Yəni emal sənayesi, xammalın kompleks emalı nəticəsində Azərbaycanın valyuta ehtiyatları artacaq, Azərbaycanın, təşkilatların, şirkətlərin götürdüyü gəlirlərin həcmi dəfələrlə artacaqdır. Ona görə də cənab Prezident, eyni zamanda, bir məsələyə də xüsusi diqqət verdi: ekoloji tarazlığın qorunmasına. Bir qayda olaraq, dünyanın bütün ölkələrində hasilat sənayesi varsa, orada ekoloji problemlər yaranır. Suların çirklənməsi, təbiətin çirklənməsi və s. amillər özünü göstərir. Amma cənab Prezident bu proqramla əlaqədar öz çıxışında ekoloji tarazlığın qorunması istiqamətində kompleks tədbirlərin də görülməsini vacib sayıb. Yəni hesab edirəm ki, bütövlükdə bu proqram haqqında çox danışmaq olar, amma mənim fikrimcə, cənab Prezidentin bu proqramı təsdiq etməsi, bundan əvvəl kənd təsərrüfatının inkişafına dair dövlət proqramının təsdiq edilməsi, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı həyata keçirilən tədbirlər bütövlükdə Azərbaycan regionlarının inkişafına yeni töhfələr verəcək. Azərbaycan sənayesində yeni bir mərhələ yaranacaq".
Z.Səmədzadə vurğuladı ki, Azərbaycan iqtisadiyyatında yeni bir mərhələ yaranacaq:
"Bu mərhələnin ana xətti isə Azərbaycanın təbii sərvətlərindən kompleks şəkildə istifadə etmək, ilk növbədə onun xammalının kompleks emalına nail olmaq və o məhsulların xarici bazarlara çıxarılmasını təmin etməkdir. Yeni iş yerlərinin yaradılması, insan kapitalının inkişafı, ekoloji tarazlığın qorunması, təbii resurslardan səmərəli istifadə edilməsi, tullantıların minimuma endirilməsi bu proqramın əsas hədəflərindən biridir və mən əminliklə bildirirəm ki, cənab Prezidentin müəyyən etdiyi strateji inkişaf proqramları Azərbaycan iqtisadiyyatının gücünün daha da artmasına, ölkə daxilində insan kapitalının inkişafına, miqrasiya proseslərinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcək".
Aytəkin TOFİQQIZI













