“İkinci bank kartına ehtiyac olarsa, vətəndaş onu əsaslandıraraq ala bilər” - İqtisadçı
"Azərbaycan Banklar Assosiasiyası tərəfindən qəbul edilən qərar vətəndaşa bir bankda eyni məhsul üzrə birdən çox kartın avtomatik şəkildə verilməsinin məhdudlaşdırılması ilə bağlıdır. Burada məsələ ondan ibarətdir ki, vətəndaş bankdan eyni məhsul üzrə ikinci kartı avtomatik və yaxud hər hansı ödəniş müqabilində ala bilməz. Yalnız ehtiyacını əsaslandırarsa və əlavə müraciət edərsə, bu halda bank ona ikinci kartı verə bilər".
Bu barədə Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi.
Onun sözlərinə görə, söhbət burada pensiya kartından, əməkhaqqı kartından, sahibkarlıq hesabına bağlı kartlardan və yaxud depozitə bağlı kartlardan getmir.
"Konkret bir məhsul üzrə bank tərəfindən vətəndaşa verilə biləcək kartların sayına qoyulmuş məhdudiyyətdir. Vətəndaşın yenə də bankda 5-6 kartı ola bilər, yəni müxtəlif məhsul növləri üzrə kartlardan istifadə edə bilər. Təbii ki, eyni məhsul növü üzrə də, eyni istiqamətdə ikinci karta ehtiyacı varsa, müraciət edərək və bunu əsaslandıraraq ikinci kartını ala bilər.
Burada məqsəd nədir? Məqsəd bankların çoxalan kart dövriyyələrinə nəzarəti asanlaşdırmasıdır. Çünki bir məhsul üzrə vətəndaşın bir neçə kartı olduqda, bu kartlar arasında əməliyyatlar və köçürmələr sürətli, onlayn rejimdə həyata keçirilir. Bankların bunlara nəzarət etməsi, həmin əməliyyatlar üzərində nəzarət qurması və bəzən bu kontekstdə şəffaflıqdan kənar müəyyən qanunsuz əməliyyatların həyata keçirilməsinin qarşısını alması bir qədər çətinləşirdi", - deyən ekspertin fikrincə, buna görə də banklar sadələşməyə gedirlər və bu zaman da vətəndaşın hüquqları pozulmur.
X.Kərimli bildirdi ki, hər məhsul üzrə vətəndaşın kart almaq hüququ var:
"İkinci və əlavə karta ehtiyac olarsa, vətəndaş bunu əsaslandıraraq bankdan kartı ala bilər. Təbii ki, burada vətəndaşın onlayn ödənişlərində, məsələn, kartdan istifadə ilə bağlı hər hansı problemi yaranmayacaq. Bu məhdudiyyət bank kartlarının bəzən təyinatından kənar məqsədlər üçün və yaxud icazə verilən məqsədlərdən kənar istifadə edilməsinə nəzarətin yaxşılaşdırılması istiqamətində qoyulur. Yəni çoxlu sayda kart bir çox əməliyyatlarda gizlənmək və nəzarətdən kənarda qalmaq üçün istifadə oluna bilər. Bu qərar da məhz belə hallarla mübarizə kontekstində atılan addımdır".
NURİYYƏ













