Azərbaycan 10,8 milyard dollarlıq sərmayə cəlb edir: Pullar hansı sahələrə yönələcək?

 14:49 28.09.2026     80

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Forumda təxminən 10,8 milyard dollarlıq 26 müqavilənin imzalandığı açıqlanıb.

Bəs bu investisiyalar real olaraq hansı sahələrdə və nə vaxt hiss olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi bütövlükdə cənab Prezident tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindəndir:

"II Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və təbii ki, bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı da bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb edilməsi istiqamətində praktiki olaraq həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici iş adamları üçün yeni, çevik mexanizmlərin tətbiqini reallaşdırıb. Xüsusən forumda kifayət qədər aparıcı şirkətlərin iştirakını nəzərə alsaq, eyni zamanda 30 trilyon dollarlıq investisiya potensialı olan şirkətlərin Azərbaycana gəlməsi də ondan xəbər verir ki, ölkəmiz xarici sərmayə və xarici sahibkarlar üçün cəlbedicidir. Əslində, bu, Azərbaycanın 30 trilyon dollarlıq sərmayənin ünvanına çevrilməsi mənasına gəlir. Bu, xüsusən qeyri-neft sektoruna həmin şirkətlər vasitəsilə daha çox investisiyanın cəlb edilməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, birinci forumda imzalanan sazişlər də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaratdı".

Onun sözlərinə görə, 2025-ci ildə də Azərbaycanda sərmayə qoyuluşlarındakı artım birbaşa xarici investisiya qoyuluşlarının həcminin artması ilə bağlı oldu:

"Belə ki, 2025-ci ildə, nəzərə alsaq ki, birinci investisiya forumunun təsirləri də məhz bu rəqəmlərə birbaşa təsir göstərdi, Azərbaycan iqtisadiyyatına 34,2 milyard manatlıq investisiya cəlb edilmişdi. Onun 16,7 milyard manatı və ya 9,8 milyard dolları xarici investisiyalardır. 2025-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici investisiyanın həcmi 17 faiz artdı. Təbii ki, BlackRock və digər kifayət qədər böyük fondların, data mərkəzlərinin, xüsusən də rəqəmsal texnologiyalar və süni intellektlə məşğul olan şirkətlərin forumda iştirakı və Azərbaycana gəlməsi ölkədə rəqəmsal inkişafla bağlı müəyyənləşdirilmiş hədəflərin reallaşmasına da dəstək olacaq.

Azərbaycan regionda süni intellekt mərkəzinə, habına çevrilməyi hədəfləyən ölkələrdəndir və bunun üçün də, təbii ki, xarici sərmayənin və data mərkəzlərinin yaradılması çox vacibdir. Bu kontekstdən də həmin şirkətlərlə əməkdaşlıq bütövlükdə rəqəmsal ekosistemin formalaşmasına və inkişafına xüsusi dəstək verəcək. Eyni zamanda, təbii ki, Azərbaycanın beynəlxalq hesabatlarda kredit reytinqinin yaxşılaşması da xarici investisiyaların cəlb edilməsini stimullaşdırır. Nəzərə alsaq ki, Dünya Bankı və digər aparıcı qurumlar tərəfindən hazırlanan hesabatlarda Azərbaycanın investisiya cəlbediciliyinin artması müşahidə olunub. Bu da, təbii ki, ölkə iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsinə imkan yaradır. Bu müqavilələrin imzalanması, xüsusən də qeyri-neft sektoruna potensial gəlirlərin daxil olmasına imkan verəcək. Bu kontekstdən gözlənti də ondan ibarətdir ki, xüsusən də enerjidən kənar sektorlara daha çox investisiyanın cəlb olunması mümkün olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən