“Azeri Light” 104 dolları keçdi - Azərbaycanın gəlirləri nə qədər artacaq?

 17:02 28.09.2026     141

“Azeri Light”ın qiyməti bu gün 104,57 dollara yüksəlib.

Neftin bahalaşması Azərbaycanda büdcə gəlirləri üçün nə deməkdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, hazırda dünya bazarında neft qiymətlərini müəyyənləşdirən əsas faktor geosiyasi gərginlikdir:

"Hörmüz boğazı və Qırmızı dəniz ətrafında, husilərlə bağlı, həmçinin husilərlə Səudiyyə Ərəbistanı münasibətlərində ortaya çıxan yeni məsələlər bu gərginliyə təsir edir. Gərginlik artdıqca qiymətlər yüksəlir, gərginliyin azalması isə qiymətləri aşağı salır. Yəni neft qiymətlərinə təsir edən əsas drayverlər fundamental göstəricilər və iqtisadi amillərdir. Məhz neftin ixracı ilə əlaqədar ortaya çıxan xəbərlər də qiymətlərə təsir edir. Bu xəbərləri müəyyənləşdirən əsas faktor isə Amerika ilə münasibətlər və husilərin yaratdığı, dünya bazarı üçün problemə çevrilən məsələlərdir".

Ekspert qeyd etdi ki, qiymətlərin yüksək olması Azərbaycan dövləti üçün ilkin mərhələdə çox maraqlıdır.

"Çünki dövlət büdcəsi, ümumiyyətlə, ölkənin maliyyə planı neftin 65 dollar qiyməti əsasında proqnozlaşdırılıb. Qiymətlər bu ilin 9 ayı ərzində həddən artıq yüksək olub, hökumətin müəyyənləşdirdiyi proqnozlardan yuxarı olub. Qiymətlərin hər 10 dollar daha yüksək olması ölkəmizə 2,2 milyard manat fayda gətirir. Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərinin artmasına yönəlir, yerdə qalan 400 milyon manat isə dövlət büdcəsinin gəlirlərini artırır. Qiymətlərin orta hesabla 85–90 dollardan yuxarı olması dövlətin gəlirlərini ilkin mərhələdə artırır. Qiymətlər müəyyən faizlərlə aşağı düşsə də, hələ də yüksəkdir. Hətta gələn il də bu qiymətlərin yüksək olacağına dair müsbət gözləntilər mövcuddur", - deyə X.Kərimli vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən