"Azərbaycan İranla ticarət dövriyyəsini artırmaqda maraqlıdır" - Vüqar Bayramov
"Azərbaycan qonşuları ilə iqtisadi əlaqələrin güclənməsində maraqlıdır və İran Azərbaycanın vacib ticarət tərəfdaşlarından biridir. 2025-ci ildə Azərbaycan-İran arasında ticarət dövriyyəsi 644 milyon dollar olub. Bütövlükdə İran-Azərbaycan ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-ini təşkil edib. Daha çox məhsullar İrandan idxal olunan mallardır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan və İranın iqtisadi-ticari əlaqələrindən danışarkən dedi. Onun sözlərinə görə, ötən il Azərbaycan İrandan 624 milyon dollarlıq mal idxal edib, eləcə də İrana 20 milyon dollarlıq məhsul göndərib:
"Göründüyü kimi, Azərbaycan-İran ticarət dövriyyəsində İranın müsbət saldosu var və praktiki olaraq Azərbaycan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarını İrandan idxal edir. Dinamika 2026-cı ilin ilk yarısında da qorunub saxlanıb. Belə ki, 2026-cı ilin ilk yarısında İran-Azərbaycan ticarət dövriyyəsində də artımlar qeydə alınıb. Bu da təbii ki, İran müharibəsinə baxmayaraq, ölkələr arasında iqtisadi ticarət dövriyyəsinin artmasından xəbər verir".
Millət vəkili vurğuladı ki, Azərbaycan İranla və bütövlükdə Azərbaycan digər mehriban qonşuluq siyasətinə malik olan ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır:
"Yalnız qonşularla deyil, bütövlükdə strateji baxımdan strateji münasibətlərimiz olan ölkələrlə ticarət dövriyyəsinin artırılması Azərbaycan üçün əsas hədəflərdən biridir.
Sözsüz, birbaşa şəkildə ABŞ-İran müharibəsi regional ticarətə təsir göstərir. Bütün bunlara baxmayaraq, sahibkarlar ticarət əlaqələrini davam etdirirlər. Təbii ki, bu kontekstdən də gözlənilən ondan ibarətdir ki, bütövlükdə iki ölkə arasında ticarət dövriyyəsini 2026-cı ildə də mövcud trendlərin qorunub saxlanması prioritet olmaqla yanaşı, təbii sahibkarlar bu istiqamətdə bu əməkdaşlığı davam etdirəcəklər. Bu da təbii ki, iqtisadi baxımdan ölkələrin əməkdaşlığının güclənməsi anlamına gəlir".
Aytəkin TOFİQQIZI













