Rusiyadan Azərbaycana pul köçürmələri məhdudlaşdırılır? - Deputat AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin Rusiyadan Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə nağd rubl çıxarılmasına yeni məhdudiyyətlər qoyub. Yeni qaydalara əsasən, fiziki şəxslərin Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pul çıxarması qadağan edilib. Qərar sentyabrın 29-dan qüvvəyə minib.
Bu məhdudiyyət Rusiya - Azərbaycan arasında maliyyə dövriyyəsinə və valyuta bazarına təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirdi ki, Rusiyadan pul axınının tənzimlənməsi artıq son dövrlərdə müşahidə olunur:
"Rusiya çalışır ki, valyuta ölkə ərazisində qalsın və kənara çıxmasın. Çünki Rusiyanın özünün valyutaya tələbi artıb. Bu da birbaşa Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. Sanksiyalar Rusiyanın ixrac imkanlarını məhdudlaşdırıb və nəticədə ölkənin valyutaya tələbinin artmasını müşahidə edirik. Bu səbəbdən Rusiya artıq ölkədən pul çıxışını məhdudlaşdırmağa çalışır. Azərbaycan Rusiyanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Rusiya Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır və idxalda da xüsusi paya malikdir. Amma nəzərə alsaq ki, söhbət fərdi vəsaitlərin ölkədən çıxarılmasının məhdudlaşdırılmasından gedir, sahibkarlar idxal-ixrac əməliyyatlarını davam etdirəcəklər. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlıların sayı da az deyil. Bu səbəbdən Rusiyadan Azərbaycana pul köçürmələri də həyata keçirilir. Növbəti dövrdə bu qərarın Rusiyadan Azərbaycana pul köçürmələrinə hansı formada təsir göstərəcəyini qiymətləndirmək mümkün olacaq. Amma bütün hallarda bu qərar onu göstərir ki, Rusiya ölkədən pul çıxışını məhdudlaşdırmaqla bağlı siyasətini davam etdirir".
Xədicə BAXIŞLI













