1993-dən bu günə: Azərbaycan iqtisadiyyatının 32 illik inkişaf yolu
3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi tarixdir. Bu tarix həm də ölkənin siyasi və iqtisadi suverenliyinin təmin olunmasına aparan mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.
Redaktor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, son 33 il Azərbaycan tarixində iqtisadi tənəzzülə qarşı mübarizə, sabitlik və sürətli iqtisadi artım dövrləri ilə yadda qalıb.
Onun sözlərinə görə, 1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollara qədər yüksəlib. İqtisadçı vurğulayıb ki, son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, həmin dövrdə dövlət büdcəsi təxminən 50 dəfə böyüyüb.
Deputatın sözlərinə görə, son 33 ildə ölkədə orta aylıq nominal əməkhaqqı da 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata çatıb.
Vüqar Bayramov hesab edir ki, bu göstəricilər 33 il ərzində Azərbaycanın iqtisadi inkişafında ciddi dəyişikliklərin baş verdiyini göstərir. O, bu inkişafın əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin təşkil etdiyini, inkişafın dayanıqlığının isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət nəticəsində gücləndirildiyini bildirib.













